Zandfortda keçirilən sıralanma turu Racing Bulls komandası üçün uğurlu nəticə qeydə alınıb. Hər iki sürücü ardıcıl üçüncü dəfə son sessiyaya yüksəlib. Xüsusilə də Ayzek Hacar 4-cü nəticə göstərərək, yalnız McLaren pilotlarına və Maks Ferstappenə uduzub. Bu da onun karyerasındakı ən yaxşı sıralanma nəticəsidir.
Ayzek Hacar (4-cü): “Çox məmnunam, çünki komandamız üçün bu, möhtəşəm nəticədir. Ümumiyyətlə, final sessiyasına çıxmağı belə gözləmirdik, çünki dünən sürətimiz o qədər də yaxşı olmamışdı. Amma ən vacib anda ideal dövrə ata bildik. Liam məni daim irəliyə doğru həvəsləndirir, maşın isə hər dövrədə daha yaxşı təsir bağışlayır. Sabahkı yarışa inamlı çıxacağam. Maşın yaxşı işləyir və sabit temp nümayiş etdirməmək üçün heç bir səbəb yoxdur. Start mövqeyimdən 1-ci döngəyə yaxşı imkan açılır, əsas məqsədim 4-cü yeri qorumaq və maksimum xal toplamaqdır”.
Fransalı sürücü, yarış tempində üstün ola bilmədikləri halda rəqiblərini arxasında saxlamağın çətin olacağını etiraf edib: “Burada ötmə etmək o qədər də çətin deyil. Düzlük uzundur və DRS çox tez açılır. Əgər rəqiblər bizdən daha sürətlidirsə, keçəcəklər. Bunu qəbul edib məntiqli davranmalıyıq”.
Hacar startdakı vəziyyəti də dəyərləndirib: “Ümumiyyətlə, Ferstappen çox yaxşı startlar alır. Üstəlik, təmiz tərəfdədir və bu, üstünlükdür. Yəqin ki, qarşısındakı pilotlarla mübarizə aparacaq. Mənim üçün ən yaxşı plan onu izləməkdir, çünki Ferstappeni keçməyə cəhd etmək çox cəsarətli addımdır və həddindən artıq çətin olar”.
Liyam Louson (8-ci): “Finala düşməyimiz yaxşı nəticədir, amma əlbəttə ki, daha yüksək start mövqeyi arzulayırdıq. Təsnifatda göstərdiyimiz sürət ümidvericidir, lakin üçüncü sessiyada bir qədər geri qaldıq. Buna görə də bəzi məqamları təhlil etməliyik. Zandfortda təkərlər çox həssasdır, üstəlik güclü külək balans tapmağı çətinləşdirir. Bu trasda fiziki yük də böyükdür, ona görə də sabah yaxşı start vacib olacaq, çünki burada ötmək olduqca çətindir. Ümumilikdə isə maşının potensialı yüksəkdir və təsnifat komandamız üçün müsbət keçib”.
Şərh əlavə et