Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas: İşimiz asan deyil

Finlandiyalı sürücü Valtteri Bottas növbəti mövsümdən etibarən Cadillac ilə Formula 1-ə qayıdır. O, qarşıdakı debüt mövsümünün çətin olacağını qəbul edib, amma hər cür çətinliyə hazır olduğunu bildirib.

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü keçən ilin sonunda Sauber-dən ayrıldıqdan sonra bir mövsüm Mercedes komandasının test pilotu kimi işləyib.

Valtteri Bottas: “Mənim üçün vəziyyət bir az Mercedes-dən Alfa Romeo-ya keçid dövrünü xatırladır. O vaxt məqsədlərimi yenidən nəzərdən keçirməli olmuşdum. İndi də eyni prosesi keçmişəm.

Grem Loudonla çox danışmışıq və o, daim deyirdi ki, asan olmayacaq, xüsusilə də ilk mövsüm ağır keçəcək. Amma mən buna razılaşmışam, çünki nə gözlədiyimi bilirəm. Ən yaxşısı, ən pis ssenariyə hazır olmaqdır. Əgər nəsə qazansaq, bu, böyük mükafat olacaq.

Mənim üçün əsas motivasiya bu layihənin bir parçası olmaq və komandada işləməkdir. Burada əsas məsələ gözləntiləri düzgün idarə etmək və çox işləməkdir. Nəticələr isə sonra gələcək. Məhz buna görə bu layihədə iştirak edirəm”.

Bottas əlavə edib ki, ilk danışıqları Qrem Loudonla iki il əvvəl, Sauber-də çıxış etdiyi vaxtlarda aparıb. O zaman yeni komandanın Formula 1-ə qatılması hələ təsdiqlənməmişdi.

Valtteri Bottas davam edib: “Qrem daim mənimlə əlaqədə idi və prosesin necə getdiyini izah edirdi. Bu ilin əvvəlində isə qəti qərara gəldim ki, bu işin içində olmaq istəyirəm. Böyük brendin, bir növ Formula 1 startapının bir hissəsi olmaq istəyirəm – yaxşı strukturu və böyük hədəfləri olan bir layihənin…

Serxio Pereslə birlikdə komandamız üçün əlimizdən gələni edəcəyik. Onu düzgün yola yönəldə biləcəyimizə əminəm. Amma realist qalmaq lazımdır. Bizi çətin başlanğıc gözləyir, çünki söhbət Formula 1-dən gedir.

Biz axırıncı yerlərdə qalmaq üçün gəlməmişik. Mən bu insanlara və struktura inanıram. Tezliklə tempə düşməməyimiz üçün heç bir səbəb görmürəm. Bizim və Peresin hələ bir neçə il vaxtı var və məqsədimiz uğuru birlikdə dadmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et