Serxio Peresin Red Bull Racing ilə 2025-ci il üçün müqaviləsi olsa da, komanda nəticələrin kifayət qədər yüksək olmadığını əsas gətirərək, əməkdaşlığa vaxtından əvvəl son qoydu. Onu əvəzləyən Liam Louson və Yuki Tsunoda mövsümün 14 yarışında birlikdə cəmi 5 xal toplayıblar. Peres isə 2026-cı ildə Cadillac ilə Formula 1-ə qayıdacaq və düşünür ki, nəyisə sübut etməyə məcbur deyil.
Serxio Peres: “Mənim nəsə sübut etməli olduğumu düşünmürəm. Bu, yalnız məni əvəzləyən pilotların nəticələrinə görə deyil, həm də özümün illər ərzində qazandığım nailiyyətlərə görədir.
Hamı bunu unudub, amma mənim çox çətin işim var idi. Daim uyğunlaşmalı və özümə inam qazanmalı olurdum. Mənim çağırışım unikal idi.
Onların topladığı xallara baxsaq, səhv etmirəmsə, cəmi 5 xal toplayıblar. Deməli, mənim sübut edəcəyim heç nə yoxdur”.
Cadillac layihəsinin onu necə cəlb etdiyinə gəlincə, Peres əlavə edib: “Red Bull ilə davam etməyəcəyim aydın olandan sonra mənim üçün idmandan bir müddət kənara çəkilmək vacib idi. Hər nə bahasına olursa-olsun çempionatda qalmaq əvəzinə özüm üçün növbəti mərhələdə nə istədiyimi anlamağa çalışdım.
Əvvəlcə dəqiq cavabım yox idi, amma Cadillac ilə danışdıqca bu layihənin məni həqiqətən ruhlandırdığını başa düşdüm. Bu, təkcə yarışlara qayıdıb xal və podiumlar uğrunda mübarizə aparmaq deyil. Burada tamamilə yeni bir layihə qurulur və dinamikası fərqlidir.
Mən sevdiyim və həyatıma çox şey verən idmandan həzz almaq üçün geri qayıdıram. Belə ayrılığa icazə verə bilməzdim. İndi isə yeni layihə ilə qayıdıram və ümid edirəm ki, çox uğurlu olacaq. Amma ən əsası mən bu dönüşdən zövq almaq istəyirəm”.
Şərh əlavə et