Son 4 yarışın 3-də qalib gələn Lando Norris komanda yoldaşı Oskar Piastri ilə xal fərqini 9-a endirib. Britaniyalı pilot bildirir ki, mövsümün ikinci hissəsinə yaxşı əhval-ruhiyyə ilə çıxır və keçmişdə buraxdığı səhvlərə görə narahatlıq keçirmir.
Lando Norris: “Əhvalım yaxşıdır, amma əvvəldən də belə idi. Mövsümün əvvəlində çətin anlarım oldu. Bəzən mənim, bəzən isə komandanın səhvləri səbəbindən. Amma inkişaf edə bildik və indi işlərin istədiyim kimi getməsinə görə çox şadam. Hələ də təkmilləşdiriləcək məqamlar var, amma ikinci yarının da asan olmayacağını bilirəm.
İndi artıq çempionluq uğrunda düşünmək lazımdır, amma biz hələ də hər yarışı ayrı-ayrılıqda götürürük. Əlbəttə, qələbə qazanmaq və çox xal toplamaq istəyirik, amma qarşıda hələ çox döyüşlər var.
Mənimlə Oskar arasında maraqlı rəqabət var və məhz buna görə çox həyəcanlanıram. Komandamız bu il çox güclü təsir bağışlayır, amma rəqiblər də bizə yaxınlaşıb. Düşünmürəm ki, yarışları asanlıqla qazanacağıq. Hədəfimiz McLaren-ə daha çox dubl qələbələr gətirməkdir”.
Lando Norris Kanadadakı səhvini də yada salıb: “Bəzi yarışlarda fərqli qərarlar qəbul edə bilərdim. Məsələn, Kanadada riskə getməsəydim, xalları itirməzdim. Amma buna görə peşman deyiləm, çünki qərarları özüm qəbul etmişdim. Bəzən hər şey yaxşı alınır, bəzən isə səhvlər edirsən. Əslində isə məhz bu anlarda öyrənirsən və bu gələcəkdə sənə kömək edir”.
Şərh əlavə et