Xəbəri Kokpitdə Oxuyun!

Komanda yoldaşlarının titul mübarizəsi

Formula 1 üzrə 2025-ci il mövsümünün ikinci yarısı bu həftəsonu Zandfortda keçiriləcək Niderland Qran Prisi ilə başlayacaq.

Artıq mövsümün son 10 yarışına giririk. İlk 14 yarışdan sonra titul uğrunda mübarizə McLaren komandasının iki pilotu arasında gedir. Oskar Piastri 284 xalla çempionatda liderlik edir. Onun komanda yoldaşı Lando Norris isə 9 xal geridə – 275 xalla ikinci yerdədir. Bu iki sürücünün ən yaxın izləyicisi isə 187 xallı Maks Ferstappendir. Niderlandlı sürücünün hələ də riyazi şansları olsa da, onun titul uğrunda mübarizəyə qoşulması çox çətin məsələdir. Buna görə də çempionluq uğrunda mübarizə iki McLaren sürücüsü arasında keçəcək.

Bəs daha əvvəl iki komanda yoldaşları arasında keçən çempionluq uğrunda mübarizələrdə nələr baş vermişdi? Gəlin onları bir yerdə xatırlayaq.

1979-cu il – Codi Şekter və Jil Vilnöv (Ferrari)

1979-cu ildə Ferrari 312T4 bolidi ilə çıxış edirdi. Əksər komandalar Lotus-un 1978-ci ildə başlatdığı altlıq effekti ilə ön plana çıxsa da, Ferrari dözümlülüyü hesabına yarışlarda daha yaxşı nəticə qazanırdı. Belə olan halda isə titul uğrunda mübarizə “qırmızılar”ın iki sürücüsü – Codi Şekter və Jil Vilnöv arasında gedirdi. Lakin mövsümün sondan üçübcü yarışında Şekter daha çox xal toplamışdı və qazanacağı halda Dünya Çempionu titulunu təmin edəcəkdi.

Beləmdə oldu və əfsanəvi Montsa yarışında Şekter qazanaraq, titulu təmin etdi. Vilnöv yarış ərzində ondan sürətli olsa da, komanda əmrinə riayət edib, cənubi afrikalı pilotu keçmədi. Beləliklə, Şekter Çempionluğu, Vilnöv isə tiffozilərin ürəyindəki sevgini qazandı. Lakin tiffozilər bir şeydən xəbərsiz idilər – onlar 21 il Ferrari çempionluğu görməyəcəkdilər.

1986-1987-ci illər – Nelson Pike və Naycel Mənsell (Williams)

Williams komandası 1986-cı ildə ən güclü bolidə malik idi. Lakin komanda sazlanma və balans tapmaqda çətinlik çəkirdi. Üstəlik komandanın iki güclü sürücüsü – Nelson Pike və Naycel Mənsel bir-birlərilə sərt mübarizə aparırdılar. Bu da komandaya mənfi təsir edirdi. Bundan McLaren komandasının pilotu Alen Prost istifadə edirdi və titul uğrunda mübarizəyə qoşulurdu.

Çempionatın taleyi isə mövsümün son yarışı olan Avstraliyada həll olundu. Son yarışa Mənsell 70 xalla birinci yerdə, Prost 64 xalla ikinci yerdə, Pike isə 63 xalla üçüncü yerdə idi.

Lakin son yarışda işlər Williams üçün heç də yaxşı getmədi. Mənsell yarışda üçüncü yerdə gedirdi və bu nəticə ilə titulu təmin edirdi. Lakin gözlənilmədən onun arxa təkəri partladı və mübarizəni dayandırmalı oldu. Williams komandası ehtiyat üçün Pikeni pitə çağıraraq, yeni təkərə keçirdi. Belə olan halda Prost liderliyə yüksəldi və yarışı qazanaraq, karyerasının ikinci titulunu əldə etdi.

Williams isə ən güclü bolidi düzəltsə də, necə deyərlər, iki qoçun başı bir qazanda qaynamadı. Titul McLaren-dən Alen Prosta getdi.

Lakin bu hal Pike ilə Mənsellə dərs olmayacaqdı və aralarındakl gərgin mübarizə 1987-ci ildə də  davam etdi. Lakin bu dəfə Mənsell daha aqressiv idi və mövsüm ərzində 6 qələbə qazanmışdı. Pikenin isə 3 yarış qələbəsi var idi. Ancaq britaniyalı sürücü texniki problemlər də yaşayırdı. Buna görə də o, son iki yarışa komanda yoldaşı Pikedən 12 xal geridə başlayırdı.

Lakin britaniyalı pilot Yaponiya yarışında qəza edərək, xəsarət aldı və mövsümün son yarışı olan Avstraliyaya çıxmadı. Bununla da, titul Nelson Pikeyə getdi. Bu, braziliyalının karyerasındakı üçüncü və son titulu idi.

1988-1989-cu illər – Alen Prost və Ayrton Senna (McLaren)

1988-ci il Formula 1 mövsümü tarixi bir rəqabətin başlanğıcı idi. Ayrton Senna həmin il Lotus-dan McLaren-ə keçmişdi və ikiqat Dünya Çempionu Alen Prostla komanda yoldaşı olmuşdu.

Həmin il McLaren-in düzəltdiyi MP4/4 bolidi aşkar formada üstün idi. Honda mühərriyi isə çox etibarlı təsir bağışlayırdı. Yekunda McLaren 16 yarışdan 15-də qələbə qazandı. Ayrton Senna 8 dəfə, Alen Prost isə 7 dəfə damalı bayrağı hamıdan öndə gördü və braziliyalı sürücü mövsümün sonunda ilk titulunu bayram etdi. Lakin növbəti mövsüm bu ikili bir-birinə düşmən olacaqdı.

1989-cu il isə Formula 1 tarixinin ən ikonik sezonlarından biri sayılır. Səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi Senna və Prost arasında başlayan düşmənçilik münasibətləri idi.

Əvvəlcə 1989-cu ildəki dəyişiklikdən başlayaq – artıq turbo mühərriklər yasaqlanmışdı və bütün komandalar 3.6 litr həcmli atmosferin V10 mühərriklərə keçmişdilər. Buna baxmayaraq, Honda mühərriyi ilə mübarizə aparan McLaren yenə də rəqiblərindən birbaş üstün idi.

Komandada olan iki Dünya Çempionu – Alen Prost və Ayrton Senna arasında münasibətlər isə gərginləşməyə başlamışdı. Buna səbəb isə komandanın üstünlüyü Ayrton Sennaya verməsi idi.

Mövsümün kulminasiya nöqtəsi isə Yaponiya yarışında baş verdi. Alen Prost lider gedərkən, Senna onu şikanda keçmək istədi və bu anda iki sürücü bir-birinə təmas etdilər. Prost mübarizəni dayandırsa da, Senna yarışı marşalların köməyi ilə davam etdirdi. Brazilyalı sürücü yarışı qazandı, amma şikanı kəsərək trasa qayıtdığı üçün stüardlar onu diskvalifikasiya etdilər. Bununla da, Alen Prost F1 karyerasındakı üçüncü titulunu qazandı və McLaren-dən ayrıldı.

2007-ci il – Fernando Alonso və Lyuis Həmilton (McLaren)

2007-ci ildəki bu rəqabət də ən az Prost və Senna rəqabəti qədər yadda qaldı. Sadəcə bir fərqlə – titul Mclaren sürücülərindən birinə yox, Ferrari-dən Kimi Rəykkönenə getdi. Hər iki sürücü mövsüm sonunda 4 qələbə qazanıb,  109 xal toplasalar da, çempiondan sadəcə 1 xal geri qalaraq, ikinci və üçüncü yerlərə razı oldular.

Mövsümə isə cəsusluq (spygate) qalmaqalı damğa vurdu. Belə ki, Ferrari mühəndisi Naycel Stepni “qırmızılar”a aid olan texniki sirləri Mclaren-ə satmışdı. Bunun üstü açıldıqdan sonra isə FİA McLaren-i çempionatdan diskvalifikasiya etmişdi.

2014-2016-cı illər – Lyuis Həmilton və Niko Rosberq (Mercedes)

2014-cü ildə Formula 1 yeni texniki reqlamentlə başlayırdı. Komandalar artıq 1.6 litr həcmli V6 turbo motorlarla mübarizə aparırdılar. Bu reqlamentə isə Merceses hamıdan yaxşı hazırlaşmışdı. Bunun məntiqi nəticəsi kimi onlar mövsümdəki 19 yarışdan 16-da qalib gəldilər.

Lakin uşaqlıqdan – kartinq dövründən bir yerdə yarışmış, həmişə aralarında dostluq münasibətləri olan Lyuis Həmiltonla Niko Rosberqin arası məhz bu mövsüm dəyməyə başladı. Xüsusən də Monakodakı sıralanma turundan və Belçika yarışındakı təmasdan sonra…

Çempionluq uğrunda mübarizə son yarışa qədər davam etsə də, sonda mövsüm ərzində 11 yarış qazanmış Lyuis Həmilton karyerasındakı ikinci titulu bayram etdi.

Bu rəqabətin davamı isə 2016-cı ildə gəldi. Mercedes yenə də çox üstün idi və 21 yarışdan 19-da qalib gəlmişdilər.

Həmiltonla Rosberq arasındakı mübarizə isə Əbu Dabi yarışına qədər davam etdi. Son yarışa hər iki sürücü də 9 qələbə ilə gəlmişdi. Lakin Rosberqin çempionatda 12 xallıq üstünlüyü var idi. Yəni ki, Həmiltonun çempion olması üçün yarışı qazanması və Rosberqin 4-cü yeri tutması lazım idi. Elə də oldu və britaniyalı pilot yarışı qazandı. Lakin Rosberq ikinci oldu və Formula 1 karyerasının ilk və son titulunu qazandı.

Beləliklə, sizi F1 tarixindəki ən maraqlı komanda yoldaşları duelləri ilə tanış etdik. Bəs bu il necə olacaq? Lando Norris və Oskar Piastri arasında qalmaqal görəcəyik? Bunu zaman göstərəcək.

Rauf Hacıyev

Şərh əlavə et