Xəbəri Kokpitdə Oxuyun!

Yamaha V4 motoru Misanoya gətirəcək

Yamaha komandası yeni V4 mühərrikli MotoGP motosikletinin gələn ay keçiriləcək San Marino Qran Prisində yarışacağını təsdiqləyib.

12–14 sentyabr tarixlərində baş tutacaq həftəsonunda motosikleti test sürücüsü Avqusto Fernandes idarə edəcək.

Yamaha Motor Racing-in icraçı direktoru Paolo Pavesio, bazar ertəsi yayımlanan videomüraciətində bunları deyib: “Misano üçün hədəfimiz Avqusto Fernandesin yeni V4 mühərrikli M1 prototipimizlə yarışmasıdır. Bu, gələcəyə bağlılığımızın konkret göstəricisi və hər yarış həftəsonunda maksimum nəticə qazanmaq əzmimizin önizləməsi olacaq”.

Fernandesin Misanoda yeni V4 ilə çıxış edəcəyi MotoGP paddokunda artıq gözlənilən addım idi. Eyni zamanda, Fabio Kuartararo da daxil olmaqla baza sürücülərinin yarışdan sonrakı gün keçiriləcək testlərdə bu motosikleti sınaqdan keçirməsi planlaşdırılır.

Yamaha hələlik test proqramı ilə bağlı rəsmi açıqlama verməyib. Buna baxmayaraq, bazanın əsas sürücüsü Kuartararo ilə yanaşı, Cek Millerin də V4-ün inkişafında mühüm rol oynayacağı gözlənilir.

Bu yenilik, uzun müddətdir gələcəyi qeyri-müəyyən olan Millerin Pramac komandası ilə 2026-cı il üçün müqaviləsini uzatmasından sonra gəldi. Razılaşma ötən həftəsonu Macarıstan Qran Prisində rəsmiləşmişdi.

Kuartararo MotoGP karyerasında indiyədək yalnız sıralı dörd silindrli mühərriklərlə yarışıb. Miller isə həm KTM, həm də Ducati ilə V4 təcrübəsinə malikdir.

Fransalı sürücü Quartararo ötən həftə açıqlamasında bunları demişdi: “Əgər yeni motosiklet mövcud olanla müqayisədə yarım saniyə daha sürətli olarsa, onun yarışlarda istifadəsinə müsbət yanaşaram”.

Rauf Hacıyev

Şərh əlavə et