Yeni texniki qaydalar ətrafında qarışıqlıq davam edir. FIA, həm rəqabət balansını qorumaq, həm də xüsusilə Montsa kimi yüksək sürət tələb edən, lakin enerji bərpası imkanları məhdud olan traslarda uyğunluq təmin etmək üçün qaydaları yeniləyir.
“Sürət məbədi” adlanan Montsada yeni bolidlərin hibrid gücünü tam şəkildə istifadə edə bilməyəcəyi görünür. Səbəb isə trasda az sayda əyləc nöqtələrinin olmasıdır. Komandaların FIA məlumatlarına əsasən apardığı simulyasiyalara görə, Montsada hər dövrədə maksimum 5 MJ enerji bərpa edilə bilər. Digər traslarda isə bu göstərici 9 MJ-ə qədər yüksəlir.
Bu səbəbdən pilotlar uzun düzlük sonlarında ayaqlarını qazdan çəkməyə məcbur qalacaqlar. Yəni maşını sürüşməyə buraxaraq batareyalarda kifayət qədər enerji saxlamalı olacaqlar. Çünki yeni güc qurğularında elektrik gücü ümumi gücün 50 faizini təşkil edir.
Toto Volff isə açıqlamasında bunları demişdi: “2026-cı ildə bütün güc ortaya çıxdıqda bolidlər 400 km/saat sürətə çatacaqlar”.
Ancaq bu açıqlamanın daha çox yay fasiləsi manşeti yaratdığı bildirilir. Çünki nəzəri cəhətdən min at gücü davamlı aktiv olduqda bu sürət mümkündür, amma FIA buna icazə verməyəcək.
Qaydalara əsasən, hibrid dəstək 280 km/saatdan etibarən azalmağa başlayacaq və 345 km/saatda tamamilə sıfırlanacaq. Hətta FIA bəzi traslarda bu məhdudiyyəti daha da sərtləşdirmək hüququna sahibdir.
Texniki direktor Nikolas Tombazis rəhbərliyində hazırlanan yeni qaydaların məqsədi isə bolidlərin maksimum sürətini hazırkı səviyyələrdə saxlamaqdır – yəni təqribən ±5 km/saat çərçivəsində.
Yekun olaraq: Kağız üzərində 400 km/saat mümkün görünür, amma FIA-nın hibrid məhdudiyyətləri səbəbindən tras üzərində bu sürətlərə çatmaq real deyil.
Şərh əlavə et