Hazırda Chip Ganassi Racing komandasının şərəfini qoruyan Palu son beş ildə dörd titul qazanaraq, seriyada aşkar üstünlük nümayiş etdirib. O, dəfələrlə bildirib ki, Formula 1-ə keçmək planlarına daxil deyil, amma Indy Star qəzeti mənbələrə istinadən vəziyyətin dəyişə biləcəyini yazıb. Məqalədə vurğulanır ki, bu mənbələr “danışıqların gedişi ilə bağlı birbaşa məlumata malikdir”.
Buna baxmayaraq, hələlik danışıqların hansı mərhələdə olduğu bəlli deyil. Dünən Paluya mövzu ilə bağlı birbaşa sual veriləndə, o, bu barədə ilk dəfə eşitdiyini və nə özü, nə də meneceri Red Bull ilə danışıqlar aparırlar. Onun meneceri Rocer Yasucava da bu məlumatı təsdiqləyib, həmçinin CGR nümayəndəsi Palunun hələ də komanda ilə qüvvədə olan müqaviləsinin olduğunu və “10 nömrəli maşını idarə etməyə davam edəcəyini” vurğulayıb.
Bununla belə, qəzet yazır ki, müqavilədə vaxtından əvvəl pozulma bəndi var, amma bunun üçün xeyli miqdarda təzminat ödənilməlidir.
Qeyd edək ki, Palu ilə maraqlanan digər komandalar da olub. 2022-ci ildə o, Arrow McLaren-ə keçmək istəsə də, məsələ məhkəməyə qədər gedib çıxmış və nəticədə Chip Ganassi Racing qalib gəlmişdi. Palu komandada qalaraq, 2023-cü ildə ikinci IndyCar titulunu qazanmışdı.
Elə həmin il o, bir daha McLaren Racing-ə keçməyə çalışmış və hətta qısa müddət ərzində Formula 1 komandası üçün ehtiyat sürücü kimi işləmişdi. Lakin bu cəhd də uğursuzluqla nəticələnmiş və məsələ məhkəməyə daşınmışdı. Bu dəfə iddianı McLaren qaldırmış və Palunun müqaviləni pozduğunu bildirərək on milyonlarla dollar zərərə düşdüklərini əsas gətirmişdi. Hazırda iş Böyük Britaniyada davam edir və məhkəmə prosesi altı həftə sonra başlayacaq.
Şərh əlavə et