Xəbəri Kokpitdə Oxuyun!

Pirelli 500-cü F1 yarışına hazırlaşır

Növbəti yarış olan Niderland Qran Prisi Pirelli ilə Formula-1 əməkdaşlığının tarixində mühüm bir mərhələ olacaq: italyan təkər istehsalçıları özlərinin yubiley – 500-cü yarışına hazırlaşırlar.

Bu tarix çempionatın özü ilə eyni vaxtda başlayıb – 13 may 1950-ci ildə Silverstoundakı Böyük Britaniya Qran Prisində starta çıxan dörd Alfa Romeo və dörd Maserati məhz Pirelli istehsalı təkərlərlə təchiz olunub. Qələbəni həmin Alfa Romeo 158-də Cüzeppe Farina qazanıb, amma podiuma həmçinin eyni maşınlarda çıxış edən Luiçi Facioli və Req Parnell də qalxıb.

Son 75 ildə italyan şirkəti dünya çempionatının 499 mərhələsində çalışıb, amma fasilələrlə – 1950-1958, sonra 1981-1986, 1989-1991 və nəhayət, 2011-ci ildə Formula-1-ə qayıdıb.

Pirelli yubiley tədbirlərinə Zandfortda başlayacaq, Monzada – titul sponsoru olduğu İtaliya Qran Prisi zamanı davam etdirəcək. Ancaq məhz Niderlannda bütün maşınlarda 500-cü Qran Prinin şərəfinə xüsusi loqo olacaq, eyni zamanda bu loqo bütün slik təkərlərin yan tərəflərinə vurulacaq.

Zandfort mərhələsinə Pirelli ötən ilə nisbətən bir pillə daha yumşaq tərkiblər gətirəcək. C2 – Hard, C3 – Medium, C4 isə Soft rolunda çıxış edəcək. 2024-də bunlar C1, C2 və C3 idi. Qərar FIA və Formula-1 ilə birlikdə, taktiki seçimləri daha da müxtəlifləşdirmək üçün qəbul olunub ki, bu da iki pit-stoplu sxemlərin daha çox ehtimal olunmasına şərait yaradacaq.

Elçin Zodorov

Şərh əlavə et