Məlumata əsasən, həm Alpine komandasının, həm də Flavio Briatorenin etimadını doğrulda bilməyən Kolapintonun gələcəyi getdikcə daha da qeyri-müəyyən olub. Alman mediası əvvəlki iddiaları artıq qəti şəkildə təsdiqləyərək, argentinalı sürücünün mövsümün sonunda komandadan ayrılacağını yazıb.
Bu qərarın səbəbləri arasında Kolapintonun zəif nəticələri dayanır. Hazırda Formula 1-də xal qazana bilməyən yeganə əsas sürücü olan argentinalı pilot, mövsüm ərzində bir neçə dəfə qəzalara səbəb olaraq, Alpine komandasını çətin vəziyyətə salıb. Renault Argentinanın CEO-su Pablo Sibilya da pilotun yalnız mövsümün sonuna qədər komandada qalacağını açıqlamışdı.
Ayrılığı sürətləndirən məqamlardan biri isə 6 avqustda Hungarorinqdə keçirilən Pirelli testlərində baş verən qəza olub. Bu hadisə həm komandanın, həm də Pirelli-nin planlarını pozub.
Williams-dakı çətin dövründən sonra Alpine-də də ümidləri doğrultmayan Kolapintonun gələcəkdə hansı komandaya gedə biləcəyi isə hələ məlum deyil. Əgər Formula 1-də oturacaq tapa bilməsə, pilotun karyerasını IndyCar və ya Dünya Dözümlülük Çempionatında (WEC) davam etdirməsi ehtimal olunur.
Şərh əlavə et