Xəbəri Kokpitdə Oxuyun!

A.Permeyn sprintlərin artırılmasına sevinir

Racing Bulls komandasının yeni rəhbəri Alan Permeyn sprint yarışlarının sayının artırılmasını müsbət qarşıladığını bildirib.

Hazırda sprint yarışları cəmi altı Qran Prinin proqramına daxildir, lakin Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali gələcəkdə bu sayın artırıla biləcəyini açıqlayıb.

Alan Permeyn: “Sonda biz müştərilərimizə – tamaşaçılara və azarkeşlərə onların istədiyini verməliyik. Bu, bizim əsas vəzifəmizdir. Əlbəttə ki, Stefanoya və Formula 1-ə güvənirik. Onlar işlərini əla görürlər. Komissiya vasitəsilə biz birlikdə idmanın gələcək simasını formalaşdıra bilərik. Məncə, sprintlər əyləncəlidir və onların çoxalmasında heç bir problem görmürəm. Mən yalnız məmnun olaram”.

Bundan əvvəl Domenikali komandalarla şənbə sprintlərində qismən tərs start qaydasının tətbiqi məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlamışdı. Bu, artıq F3 və F2-də sınaqdan keçirilir. Lakin bu ideyanın qəbul ediləcəyi dəqiq deyil, çünki bəzi mütəxəssislər bunu radikal addım hesab edir.

Pirelli Motorsport-un direktoru Mario Izola balanslı yanaşmanın vacibliyini vurğulayıb: “Hər şey yaxşı gedərkən dəyişiklik etmək riskdir və heç kim bu riski almaq istəmir. Amma biz gələcəyə baxmalıyıq, çünki uğur zəmanətli deyil. Stefano və onun komandası qeyri-adi addımlar atmaq istəyir, ilk baxışda qəribə görünsə də, bəzən bu yanaşma yaxşı nəticə verir”.

Rauf Hacıyev

Şərh əlavə et