Xəbəri Kokpitdə Oxuyun!

R.Barrikello 53 yaşında çempion olub

53 yaşlı Rubens Barrikello hələ də yarış həvəsini qoruyub saxlayır və yeni uğurlar qazanmağa davam edir. Bu həftəsonu braziliyalı veteran ilk cəhddən NASCAR Braziliya seriyasının çempionu olub. O, San-Pauludan 180 km uzaqlıqda yerləşən Autodromo Velo Citta trasında keçirilən mərhələdə mövsümdəki dördüncü qələbəsini qazanıb.

Təcrübəli pilot Full Time Sports komandasında Ford Mustang ilə çıxış edir. Barrikellonun işini əsas rəqibi və komanda yoldaşı Tyaqo Kamillonun texniki problemləri də asanlaşdırıb.

Rubens Barrikello: “Tyaqoya görə təəssüflənirəm, amma əlimdən heç nə gəlmirdi. Mən artıq onu xarici trayektoriya ilə sıxışdırmağa başlamışdım ki, mühərrikində problem yarandığını gördüm və trayektoriyanı dəyişdim. Trasdan kənarda biz dostuq, amma dəbilqələrin vizorlarını endirdikdə ideallarımız uğrunda mübarizə aparırıq. Nəticədə maşın çox yaxşı işlədi, qalib gəldim və çox məmnunam”.

Barrikello 1993–2011-ci illər arasında Formula 1-də 323 Qran Priyə qatılıb və 11 qələbə qazanıb. O, Ferrari-də Mixael Şumaxerin komanda yoldaşı olduğu dönəmdə iki dəfə – 2002 və 2004-cü illərdə dünya çempionatının gümüş medalçısı olub. Daha sonra karyerasını IndyCar və Dözümlülük Yarışlarında davam etdirib, eləcə də 2014 və 2022-ci illərdə Braziliya Stock Car Pro seriyasında çempion olub.

Rauf Hacıyev

Şərh əlavə et