Amerikalı sürücü bu il Andretti Global komandasının heyətində uğursuz mövsüm keçirir. Onun aktivində qələbə yoxdur, yalnız bir dəfə podiuma yüksəlib. Mövsümün sonuna iki mərhələ qalmış Herta IndyCar seriyasında 8-ci yerdə qərarlaşıb və bu nəticə ilə FIA-nın superlisenziyasını qazana bilmir.
Buna baxmayaraq, 25 yaşlı pilot kifayət qədər istedadlı hesab olunur. Elə buna görə də IndyCar paddokunda belə söz-söhbətlər dolaşır ki, Herta gözlənilməz addım ata və növbəti mövsüm Formula 2-yə keçə bilər. İddialara əsasən, Andretti Global bu qərarı yalnız onun superlisenziya qazanması üçün verə bilər.
Kolton isə bu barədə IndyStar-a qısa şərh verib: “Mən də bu söhbətləri eşitmişəm. Amma deyə biləcəyim tək şey odur ki, bunlar hələlik şayiədir”.
Lakin Maraqlısı odur ki, o, yayılan məlumatları tam təkzib etməyib.
FIA qaydalarına görə, Formula 1-ə gəlmək üçün pilotun kifayət qədər xal toplaması şərtdir. Bunun üçün Herta IndyCar-da ilk 4-lükdə mövsümü başa vurmalı idi. Amma əgər F2-yə keçsə, mövsümü ilk 7-likdə bitirməsi belə ona çatışmayan 8 balı qazanmağa imkan verəcək.
Bununla belə, böyük sual budur: Herta bu riskə getməyə hazırdırmı? IndyStar-ın məlumatına görə, onun Andretti Global ilə uzunmüddətli müqaviləsi var və IndyCar-da çıxış edərək ildə 5–10 milyon dollar arasında gəlir əldə edir.
Şərh əlavə et