Xəbəri Kokpitdə Oxuyun!

Senna barədə film nümayiş olunub

Avqustun 20-də Sky Documentaries telekanalında britaniyalı rejissor Frensis Meqay tərəfindən çəkilmiş və üçqat dünya çempionu Ayton Sennanın şəxsi həyatına həsr olunmuş “La Leggenda” (“Əfsanə”) sənədli filminin İtaliya premyerası keçirilib. Filmin rejissoru Meqay Senna ilə yaxından tanış olan insanlardan biri olub.

65 poul və 41 qələbə ilə tarixə düşmüş əfsanəvi braziliyalı pilot yarış traslarından kənarda da çox maraqlı, ağıllı və özünəməxsus insan kimi tanınıb. Film isə onun idman uğurlarına yox, yalnız ən yaxın dostlarının və ailəsinin bildiyi şəxsi həyatına həsr olunub.

Bu, şöhrətinin zirvəsində olduğu vaxtlarda lentə alınmış müsahibə-film formatıdır.

Frensis Meqay: “Senna digər pilotlara bənzəmirdi. O, kənardan təkəbbürlü təsir bağışlayırdı, amma əslində məqsədinə çatmağa fokuslanmışdı. O, hər vəziyyətdə maksimum nəticə qazanmaq istəyirdi”.

Filmdə əvvəllər heç yerdə göstərilməmiş kadrlar da yer alıb. Onların böyük hissəsi Sennanın San-Paoludakı villasında çəkilib. Burada o, yarışlardan kənar vaxtını keçirirdi. Məsələn, filmdə onun bu sözləri səslənir: “Dincələrkən başqa üsluba üstünlük verirəm, yarışdakı kimi yaşamıram. Psixoloji baxımdan da fərqli oluram, çünki daxili harmoniya və fiziki balans əldə etməyə çalışıram”.

Sənədli filmdə Sennanın Braziliyaya olan sevgisinə xüsusi diqqət ayrılıb. Tamaşaçılar onun qarğıdalı, düyü, sitrus bitkiləri becərdiyi malikanəsini, həmçinin 1973-cü ildə ilk qələbəsini qazandığı San-Paoludakı kartinq trasını görəcək. Müxtəlif epizodlarda Senna şəxsi helikopterini idarə edir, motosiklet və şəxsi avtomobili ilə gəzintiyə çıxır. Qeyd olunub ki, bu avtomobil heç də superkar deyil, sadə və geniş Mercedes universalıdır.

Az adam bilirdi ki, Ayton Senna aviamodelçiliyə maraq göstərib və tez-tez bacısı oğlu Bruno ilə radiopultlu təyyarə modellərini havaya buraxmağı sevirdi.

Öz peşəsi barədə isə Ayrton Senna belə deyirdi: “Çağırış ondan ibarətdir ki, sürətli gedəsən və bacardığın qədər çox yarış qazanasan. Mən mümkün olanın limitlərini aşanda özüm haqda yeni şeylər kəşf edirəm. Hər dəfə özümü üstələməyə çalışıram… Və tam anlayıram ki, bu iş çox təhlükəlidir”.

Premyeradan sonra “Əfsanə” sənədli filmi artıq bir sıra onlayn platformalarda da izlənilə bilər.

Rauf Hacıyev

Şərh əlavə et