Xəbəri Kokpitdə Oxuyun!

Markes Balatondakı ilk sprinti qazanıb

MotoGP üzrə Macarıstan sprint yarışının qalibi Mark Markes olub.

Ducati Lenovo komandasının pilotu Markes Balaton Park trasında keçirilən ilk MotoGP yarışında poul mövqeyindən start alaraq, inamlı qələbə qazanıb və ardıcıl 13-cü zəfərini əldə edib. İlk döngələrdə heç bir səhvə yol verməyən ispan sürücü startdan etibarən liderliyi ələ keçirib.

Arxa qrupda isə böyük qarışıqlıq yaşanıb. Fabio Kuartararo əyləc nöqtəsini qaçıraraq Marko Bezzekki ilə təmas edib, daha sonra Enea Bastianini ilə toqquşaraq yıxılıb. Bastianini mübarizəni davam etdirməyə çalışsa da, bu dəfə Yohann Zarkoya çırpılıb və onu yarışdan kənarlaşdırıb. Hər iki insident araşdırmaya alınıb, Kuartararo və Bastianinin bazar günü baş tutacaq əsas yarış üçün cəza alacağı gözlənilir.

İnsidentlərdən sonra ön hissədə Markes fərqi açaraq rahat temp tutub. Onu Fabio Di Cannanntonio və Franko Morbidelli izləyiblər. Honda sürücüləri Luka Marini və Xoan Mir də ön qrupda yer alarkən, Fermin Aldequer yüksəlişini davam etdirərək, beşinci sıraya qədər irəliləyib və Morbidelliyə təzyiq göstərib. Ancaq Morbidelli mövqeyini qoruyaraq Qətər yarışından bəri ən yaxşı nəticəsini əldə edib.

Marko Bezzekki yarışı yeddinci, çempionatın ikincisi olan Aleks Markes isə 11-ci yerdən start almasına baxmayaraq səkkizinci yerdə tamamlayıb. Keçən ilin çempionu Xorxe Martin isə doqquzuncu tutub.

Həftəsonuna sürətli başlayan, lakin sıralama turunda yıxılaraq yeddinci olan Pedro Akosta startdakı qarışıqlıqda da geriyə düşüb. Yarışın ortalarında isə Martindən onunculuğu almağa çalışarkən qəzaya uğrayıb və sprinti yarımçıq qoyub. Bununla da Akosta dəyərli xallar itirib.

Komanda yoldaşı Françesko Banyaya isə böyük sazlanma dəyişikliyi ilə 15-ci yerdən sprintə başlayıb, lakin uğur qazana bilməyərək 13-cü yerdə qalıb. Gözlənildiyi kimi bütün sürücülər Medium ön və Soft arxa təkərlərdən istifadə ediblər.

Bundan əlavə, Aleks Markes və Cek Miller cümə sərbəst yürüşlərində trasda ləng hərəkət etdiklərinə görə bazar günü keçiriləcək əsas yarışın startında üç yer itirəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et