Xəbəri Kokpitdə Oxuyun!

Piastri: Senna və Prost ola bilmərik

Oskar Piastri bildirib ki, özü və dünya çempionatındakı rəqibi, həm də komanda yoldaşı olan Lando Norris, heç vaxt Ayrton Senna və Alen Prost kimi olmayacaqlar.

Hazırda çempionata liderlik edən Piastri yay fasiləsindən zövq alır. Lakin o, Macarıstanda Norrisə cüzi fərqlə uduzub. Buna baxmayaraq, avstraliyalı sürücü çempionatdakı hazırda ən yaxın rəqibi olan Norrisi 9 xal fərqlə qabaqlayır.

Xatırladaq ki, 1989-cu ildə Senna və Prost McLaren-də komanda yoldaşı idilər və həmin mövsüm Formula 1 tarixinin ən gərgin komanda daxili rəqabəti yaşanmışdı. Münasibətlərdəki gərginlik, ayrı-seçkilik iddiaları və Yaponiyada son döngədə baş verən toqquşma ilə bu mübarizə zirvəyə çatmış, nəticədə Prost çempion olmuşdu.

Buna baxmayaraq, McLaren-in keçmişində belə nümunələr olsa da, Piastri bildirib ki, nə ona, nə də Norrisə “Senna-Prost” xəbərdarlığı edilməyib: “Hamı Senna və Prostun keçmişini, bu rəqabəti və McLaren xaricindəki digər rəqabətləri bilir. Amma hazırda malik olduğumuz mədəniyyəti yaratmaq üçün bizə belə nümunə lazım deyil. Hər ikimiz də maşının və komandanın uzun illər bu mövqedə qalmasını istəyirik.

Pilot olaraq yalnız sürətli sürməklə deyil, həm də komandaya yaxşı əhval-ruhiyyə və inam verməklə, sağlam komanda mühiti yaratmaqla kömək edə bilərik.

Bu, həm bu il, həm də gələcək üçün çox vacibdir. Hamımız işlərin necə tərs gedə biləcəyini görmüşük, amma bunun baş verməməsi üçün çalışmaq üçün kifayət qədər səbəbimiz var”.

Rauf Hacıyev

Şərh əlavə et