Tədbir çərçivəsində təşkilatçılar Formula 1-in çempion bolidlərini toplamağa nail olublar. 1950-ci ildə Cüzeppe Farinanın titul qazandığı Alfa Romeo 158-dən başlayaraq, Maks Ferstappenin çempion olduğu Red Bull RB18-ə qədər…
Cümə axşamı bu maşınlar tarixi Silverstoun avtodromunun start düzülüşündə xüsusi fotosessiya üçün nümayiş etdirilib. Bununla yanaşı, Silverstoun paddokunda təkcə çempion bolidlər deyil, həm də müxtəlif illərdə Formula 1-in texniki qaydalarını dəyişməyə vadar etmiş inqilabi maşınlar da yer alıb. Bunların arasında ilk dəfə altlıq effekti tətbiq edilən şassi, mürəkkəb asılqan sistemləri və qeyri-adi sükan quruluşu olan bolidlər də var. Onlar Formula 1-də uğurun çox vaxt ən cəsarətli ideyalardan gəldiyini xatırladır.
Havadan çəkilmiş şəkilin ön cərgəsində beş maşın görmək olar ki, onlarla müxtəlif illərdə ümumilikdə 24 titul qazanılıb: Bunlar Alfa Romeo 158, Xuan-Manuel Fanxionun Maserati 250F-i, Ceki Stüartın Tyrrell 006-sı, Alen Prostun McLaren MP4/2B-si, Lyuis Hamiltonun Mercedes W11-i və Maks Ferstappenin Red Bull RB18-i.
Şəkildə həmçinin digər məşhur maşınları da seçmək olar: Qraham Hillin BRM P578-i, Naycel Mensellin Williams FW14B-si, Cim Klarkın Lotus 25 R4-ü, Mihael Şumaxerin Benetton 191-i və Fernando Alonsonun Renault R25-i.
Festival təşkilatçıları xüsusi olaraq Con Sörtisi xatırlayıblar. O, iki və dörd təkərdə dünya çempionu adını qazanan yeganə pilotdur. F1 titulunu Ferrari ilə qazansa da, Silverstounda onun öz komandasının Team Surtees-in bolidi, eləcə də yanındakı MV Agusta yarış motosikleti nümayiş etdirilib.
Diqqət həmçinin avtoidmandakı qohumluqlara da yönəlib. Belə ki, Qraham və Deymon Hill, eləcə də Keke və Niko Rosberqlərin maşınları yanaşı sərgilənib.
Festivalın direktoru Nik Uaygli deyib: “Son 75 ildə çempionluq qazanmış bütün bu möhtəşəm bolidləri Silverstounun start düzlüyündə bir yerdə görəndə qarşımızda inanılmaz və unudulmaz mənzərə açılır”.
Bu müxtəlif dövrlərin yarış bolidləri həftəsonu boyunca Silverstoun trasının paddokunda nümayiş etdiriləcək və tamaşaçılara Formula 1-in təkamülünü izləmək imkanı verəcək.
Şərh əlavə et