Xəbəri Kokpitdə Oxuyun!

Caterham F1-ə qayıtmaq yolundadır

Caterham komandası uzun illərdən sonra yenidən Formula 1-ə qayıda bilər.

Küveytdən olan gənc investor 2027-ci ildə Caterham komandasını Formula 1-ə qaytarmağa ümid edir . O, artıq brendin kommersiya istifadəsi üçün lisenziya alıb.

Bu layihənin təşəbbüskarı 24 yaşlı sahibkar Saad Kassiz-Mohameddir. 2025-ci ilin yazında Forbes onu “Afrikada sosial təsir” kateqoriyasında ən nüfuzlu gənclər siyahısına daxil edib. Sahibkar özünün SKM Capital adlı investisiya şirkəti ilə Formula 1-ə daxil olmaq və ilk üç ildə SKM Racing layihəsinə təxminən 280 milyon avro sərmayə yatırmaq niyyətindədir.

Şirkət artıq Silverstone-da texniki mərkəz icarəyə götürüb və 2026-cı ilin əvvəlində FIA-ya müraciət etməyi planlaşdırır. Gözlənilir ki, ilk şassi həmin ilin üçüncü rübündə hazır olacaq və 2027-ci ildə komanda starta çıxa biləcək.

Marcin Graham, SKM Capital-ın idarəedici partnyoru: “Formula 1 – limitli xərclər çərçivəsində keçirilən mühəndislik yarışı və sərmayə üçün olduqca cəlbedici platformadır. Biz iki mühərrik istehsalçısı ilə uzunmüddətli təchizat və texnoloji əməkdaşlıq barədə fəal danışıqlar aparırıq. Bizə etibarlı motorlar, müasir texnologiyalar və sərt korporativ idarəetmə lazımdır. Hər şey düzgün şəkildə həyata keçirilsə, nəticələr də gələcək”.

Rauf Hacıyev

Şərh əlavə et