Xəbəri Kokpitdə Oxuyun!

Süni yağış niyə olmur?

Formula 1-də ən həyəcanlı yarışlar əksər hallarda dəyişkən hava şəraitində və ya yağış altında keçir. Belə vəziyyətlər mübarizəni gözlənilməz edir və pilotlara zəif maşınlarda belə ustalıqlarını göstərmək imkanı yaradır.

Dünyada bəzi avtodromlarda süni suvarma sistemləri olsa da, azarkeşlər arasında sual yaranıb: görəsən, bu sistemlər yarışlarda tətbiq oluna bilərmi? Uzun illərdir ki, BBC Sport-da jurnalist kimi işləyən Endryu Benson bu mövzuya münasibət bildirib.

O, xatırladıb ki, təxminən 15 il əvvəl F1-in keçmiş rəhbəri Berni Ekklstoun bu ideyanı ortaya atmışdı. Lakin o vaxt reaksiyalar qarışıq olmuşdu və həm istehza, həm də qorxu ilə qarşılanmışdı. Sonradan isə bu mövzu gündəmdən düşmüşdü.

Benson qeyd edib ki, Formula 1-in əsas prinsiplərindən biri idmanın təbii mahiyyətini qorumaqdır. Buna görə də süni addımlar yalnız məcburi hallarda tətbiq edilir. DRS sistemi və onu əvəz edəcək elektrik əsaslı sürətləndirmə texnologiyaları buna nümunədir. Onları heç kim bəyənmir, amma mövcud aerodinamika şəraitində ötmələri asanlaşdırmaq üçün tətbiq olunurlar.

Yeni 2026-cı il texniki reqlamenti də bu məntiqlə hazırlanıb. Məqsəd həm istehsalçıları çempionata cəlb etmək, həm də yeni nəsil mühərriklərə uyğun şassi yaratmaqdır. Əvvəlki qaydalar (məsələn, 2022-ci ildən geri qaytarılan “altlıq effekti”) isə gözlənilən nəticəni verməmişdi: maşınlar çox sərt asılqan ilə idarə olunur və balans problemləri qalırdı.

Belə vəziyyətdə, süni yağış ideyasının gerçəkləşməsi çox çətin görünür. Onsuz da yağışlı yarışlarda təhlükəsizlik, zəif görünmə və qəza riski böyükdür. Üstəlik, F1 rəhbərliyi idmanın təbii dinamikasını qorumağın vacib olduğunu hesab edir.

Rauf Hacıyev

Şərh əlavə et