Xəbəri Kokpitdə Oxuyun!

Sepanq F1-ə qayıtmayacaq

Son günlər Malayziya Qran Prisinin yenidən təqvimə qayıdacağı ilə bağlı şayiələr artmışdı. Lakin Sepanq trasından gələn son açıqlamada bu iddialar təkzib olunub.

Malayziya Qran Prisinin yenidən təqvimə qayıdacağı ilə bağlı şayiələr getdikcə artıb. Xüsusən də Sepang avtodromunun icraçı direktorunun açıqlamaları xəbər başlıqlarında geniş yayıldıqdan sonra, trasın mətbuat xidməti məsələni dərhal dəqiqləşdirmək məcburiyyətində qalıb.

Rəsmi bəyanatda bildirilib: “Bizim Formula 1-in Malayziyaya qayıtması ilə heç bir əlaqəmiz yoxdur. Söhbət yalnız trasın 2026-cı ilin sonunadək MotoGP-yə ev sahibliyi etmək üzrə müqaviləsindən gedirdi. Bununla yanaşı, Malayziyada MotoGP yarışlarının davam etməsi üçün Gənclər və İdman Nazirliyi, həmçinin françayz sahibi Dorna Sports ilə sıx əməkdaşlıqdan danışılırdı”.

Xatırladaq ki, Sepanq trasının icraçı direktoru Şafriman Hanif bu barədə belə danışmışdı: “Yarışı yalnız SIC (Sepang International Circuit) istəmir. Həm hökumət, həm də korporativ sektor daxil olmaqla bir çox digər tərəfdaşlar da onun qayıtmasını arzulayırlar.

Biz Sinqapurun təcrübəsini öyrənməliyik. Orada nazirlərdən tutmuş biznes və mehmanxana sektoruna qədər hamı birgə fəaliyyət göstərir və bunun sayəsində uğura nail olunur. Hər kəs öz töhfəsini verir. Əgər milli Qran Prini geri qaytarmaq istəyiriksə, məhz belə hərəkət etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et