Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Sürücü Akademiyasında yeni sürücülər var

İsveçrəli kartinqçi Kiyara Battiq Red Bull-un gənclər proqramına qəbul edilib və o, avstriyalı şirkətin dəstəyi ilə gələn il Formula 4-də ilk mövsümünü keçirəcək.

15 yaşlı idmançı seçmə mərhələni uğurla adlayıb. O, Eştorildə Campos Racing komandasının Formula 4 maşınına ilk dəfə əyləşərək, testlərdə iştirak edib.

Proqramın rəhbəri Helmut Marko bildirib: “Eştorildə Kiyara çox yaxşı çıxış etdi. Formula 4 maşınına ilk dəfə minməsinə baxmayaraq, dərhal yüksək sürət nümayiş etdirdi və bu, bizə 2026-cı ildə uğurlu mövsümə ümid etməyə imkan verir”.

Kiyara Battiq isə deyib: “Red Bull proqramına qəbul olunmaq mənim üçün çox önəmlidir. Bu proqram bir çox güclü pilot yetişdirib. Mənim əsas məqsədim Formula 1-ə düşmək və dünya çempionu olmaqdır. Gələn il Formula 4-də çıxış edəcəyəm və uğur qazanacağıma inanıram. Ümid edirəm ki, gənc qadın kartinqçiləri mənim yolumla getməyə ruhlandıra biləcəyəm”.

Proqramın digər üzvü isə daha təcrübəli Mattia Kolnaqi olub. O, 2026-cı ildə Formula 3-də MP Motorsport komandasında çıxış edəcək.

Rauf Hacıyev

Şərh əlavə et