Cari mövsümdə qaydalar sabit qaldığı və 2026-cı ildə yeni reqlament tətbiq olunacağı üçün komandalar radikal dəyişikliklər etməyiblər. Keçənilki şassilərə əsasən xırda və hədəfli yeniliklər gətirilib.
Ən böyük yeniliklər McLaren və Ferrari-dən gəlib. 2024-cü ilin sonunda ən rəqabətədavamlı maşınlara sahib olan bu iki komanda fərqli nəticələr əldə ediblər: McLaren mövsümün əvvəlindən dominantlıq edib, Ferrari isə SF-25-dən istədiyi effektivliyi ala bilməyib və ilk 14 yarışda qələbə üzünə həsrət qalıb.
McLaren
MCL39 mövsümün əvvəlindən pilotlara üstünlük qazandırıb. Komanda riskli qərarlardan uzaq durub, yalnız sürəti artıracaq texniki yenilikləri tətbiq edib.
• Səudiyyə Ərəbistanında test edilən yeni diffuzor uğursuz olub və yarışlarda istifadə edilməyib.
• İlk əhəmiyyətli yeniliklər yalnız Kanada və Avstriyada tətbiq edilib – ön və arxa asılqanın aerodinamik effektivliyini artıran detallar.
• Silverstounda təkmilləşdirilmiş altlıq maşının yüksək sürətli döngələrdə sabitliyini artırıb və üstünlüyü daha da gücləndirib.
McLaren hər yarışa yenilik gətirməyib, əksinə, seçilmiş məqamlarda saat dəqiqliyi ilə işləyib.
Red Bull Racing
Red Bull isə əksinə, çətinliklərlə üzləşib. RB21, keçənilki RB20-nin yenilənmiş versiyasıdır, amma balans problemi (kəskin az dönmə qabiliyyəti) ilə mövsümə başlayıb.
• Ferstappen nəticə qazana bilsə də, Louson və Tsunoda üçün maşın idarəolunmaz təsir bağışlayıb.
• Ən böyük yeniliklər – yeni ön qanad və burun örtüyü – qışda hazırlanıb. Mövsüm ərzində əsaslı dəyişiklik yalnız İmolada gəlib: radikal şəkildə yenilənmiş yan saydpodlar.
Buna baxmayaraq, RB21 kifayət qədər effektiv deyil və Ferstappen davamlı formada qələbə uğrunda mübarizə aparmaqda çətinlik çəkir.
Ferrari
SF-25-in əsas yeniliyi – çubuqlara əsaslanan ön asılqan. Amma bu yenilik maşının altlığının effektivliyini azaldıb və komanda aqressiv sazlanmalardan imtina etməyə məcbur olub.
• Bahreyn və Avstriyada yenilənmiş altlıq və arxa asılqan yenilikləri təqdim olunub.
• Ən uğurlu yenilik Macarıstan Qran Prisindən əvvəl tətbiq edilən arxa asılqan sistemi olub. Bundan sonra maşının stabilliyi artıb.
Lakin yarışlarda komanda tez-tez konservativ strategiya seçir: mühərrikin maksimum güc rejimindən az istifadə edir, təkərin təzyiqini artırır. Bu səbəbdən yeniliklərin tam potensialı ortaya çıxmayıb.
Ferrari müəyyən inkişaf əldə etsə də, McLaren-lə real mübarizə aparmaq gücündə deyil. Komanda artıq bütün diqqətini 2026-cı il layihəsinə yönəldib və mövsümün qalanında böyük yeniliklər olmayacaq.
Mercedes
2022-ci ildən bəri Mercedes-in problemi eyni olaraq qalır – simulyasiya nəticələri ilə trasdakı real performansın uyğun gəlməməsi.
• W16 əvvəlki bolidlərdən daha sabit olsa da, hələ də rəqiblərdən geri qalır.
• İmolada tətbiq olunan yeni arxa asılqan sistemi Macarıstanda kənara qoyulub, çünki sürət artımı təmin etməyib.
• Əsaslı yenilik paketi gətirilməyib. Yalnız ön qanad, əyləc hava kanalları və altlıqda kiçik dəyişikliklər edilib.
W16 hələ də mövsümün əvvəlindəki səviyyədədir. Maşın yalnız müəyyən hava şəraitində işləyir və yenilik prosesi gözlənilən nəticəni verməyib. Mercedes də artıq resurslarını 2026-cı ilə yönəldib.
Ümumi mənzərə göstərir ki, McLaren texniki üstünlüyünü möhkəmləndirib, Red Bull və Ferrari isə problemlərdən tam qurtula bilməyib, Mercedes isə 2026-cı il mövsümünə ümid bəsləyir.
Şərh əlavə et