Xəbəri Kokpitdə Oxuyun!

Melburnda Piastri tribunası olacaq

McLaren komandasının pilotu Oskar Piastri gələn ildən etibarən Melburnda yerləşən Albert Park trasının əsas düzüyündə öz adına tribunanın açılacağını açıqlayıb. Biletlər 10 sentyabrda satışa çıxarılacaq.

Komanda yoldaşı Lando Norrisin Silverstoundakı ev yarışında öz tribunası olduğu kimi, Piastri də Avstraliyanın əfsanəvi pilotları Cek Brebhem, Mark Vebber, Daniel Rikkiardo, Alan Cons və Artur Weytin sırasına qoşulacaq və onlarda olduğu kimi adını daşıyan tribunası olacaq.

Yeni tribuna pit yolunun düz qarşısında, start düzülüşünün üzərində yerləşəcək.

Oskar Piastri bu barədə həyəcanını belə bölüşüb: “Gələn il Avstraliya Qran Prisində öz tribunamın olacağını eşitmək məni çox həyəcanlandırdı. Bu, inanılmaz bir hissdir və heç vaxt baş verəcəyini düşünməmişdim. Mart ayında hər şeyin bir araya gəlməsini səbirsizliklə gözləyirəm. Öz tribunamda, birbaşa McLaren qarajının qarşısında olan azarkeşləri görmək unudulmaz bir təcrübə olacaq. Enerjini və atmosferi hiss etmək üçün səbirsizlənirəm. Buna imkan yaradan hər kəsə təşəkkür edirəm. Avstraliya azarkeşləri həmişə mənə dəstək olub və bu da 2026-cı ildə Melburnda yarışmaq üçün əlavə bir motivasiyadır”.

Piastrinin meneceri və Red Bull komandasının sabiq pilotu Mark Vebber isə bunu böyük bir addım kimi qiymətləndirib: “Bu həm tədbir, həm də Oskar üçün möhtəşəm xəbərdir. Karyerasının bu qədər erkən mərhələsində podiumlar və qələbələr qazanması onun elit səviyyəsində nə qədər rahat olduğunu göstərir. Yarış başladığında azarkeşlərin, Oskarın tribunalarının birbaşa pit yolunun qarşısında olduğunu gördükləri an hər şey daha da mənalı olacaq. Bu, həm azarkeşlər, həm də Oskar üçün əlavə üstünlük yaradacaq”.

2026 Avstraliya Qran Prisinin biletləri 10 sentyabrdan etibarən ümumi satışa çıxarılacaq.

Rauf Hacıyev

Şərh əlavə et