Kokpit.az xatırladır ki, italyan sürücü yarışa üçüncü yerdən start alıb və yarışın əvvəlində yerini qoruyub. Lakin sonra onun tempi kəskin şəkildə düşüb. Ancaq burada sürət çatışmazlığından daha çox, ötmələrin çətin olduğu trasda rəqiblərinə qarşı müdafiə edə bilməməsi ön plana çıxıb.
Banyaya GP25 ilə bir neçə dəfə rəqibləri yaxınlaşdıqda tras hüdudlarından kənara çıxıb.
Halbuki eyni motosikletlə Mark Markes yarışı qazanaraq, çempionatdakı liderliyini daha da möhkəmləndirib.
Françesko Banyaya: “Bu il ərzində yaşadığımız şey yenidən baş verdi.
Mübarizə aparıram, hər şeyimi ortaya qoyuram. Amma bu dəfə bütün gücümü verməyimə baxmayaraq səkkizinci oldum.
Qalib isə ötən il mənim qazandığım vaxtla finiş gördü. Deməli, potensialım var. Niyə işlər mənim üçün yolunda getmir, bilmirəm. Üçüncü olan Marko Bezzekki və Mark Markes məndən hər şeyi daha yaxşı etdi. Həmişə fərq yaratdığım bu trasda 12 saniyə geridə finiş görmək mənim anlaya biləcəyim bir şey deyil və heç vaxt da anlamayacağam.
Həmişə diqqətliyəm, heç vaxt fikrimi yayındırmamışam, amma bu yarışda sürətlənə bilmədim. Döngə çıxışlarında hamı məni keçdi. Ümid edirəm ki, Ducati mənə bunu izah edəcək, çünki artıq səbrim tükənmək üzrədir”.
Şərh əlavə et