Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli: Gələcəyim qabaqdadır

Pyer Qasli əmindir ki, onun vaxtı hələ qarşıdadır və Alpine ilə qələbələr və çempionluqlar uğrunda mübarizə aparmaq imkanı qazanacaq. Fransalı pilot hesab edir ki, bu, yaxın illərdə baş verəcək.

Hazırda Renault konserninin baza komandasında yalnız Qaslinin gələn mövsüm üçün müqaviləsi qüvvədədir. O, bu il bütün gücünü Alpine F1-in 2026-cı ildəki böyük dəyişikliklərə – əsasən də Mercedes güc qurğularına keçidə – hazırlaşmasına yönəldib.

Pyer Qasli: “Düşünürəm ki, komandada gördüyüm işdən çox məmnunam. Mənim nə istədiyim, effektivliyi! və verdiyim məlumatların necə olduğu hamıya aydındır”.

O, Alpine-də keçirdiyi iki mövsümdə komandanın bir sıra dəyişikliklər yaşadığını, bu dövrün sabitlik baxımından çətin olduğunu xatırladıb: “İndi isə mütəxəssislərlə birlikdə gördüyümüz iş daha davamlı və sabit olub. Bu da ilboyu daha stabil nəticələr göstərməyə imkan verir”.

Qasli əlavə edib ki, maşının hansı zəif cəhətləri olduğunu yaxşı bilir, eyni zamanda inkişaf edən tərəflərini də görür: “Komanda mənə dəstək olur, birlikdə optimal yanaşma axtarırıq və nəticə əldə edirik”.

Pilot özünə güvəndiyini xüsusi vurğulayıb: “Məsələn, Silverstounda 6-cı yeri tutanda başa düşürdüm ki, əgər qələbə uğrunda mübarizə apara biləcəyim maşınım olsaydı, o yarışı qazanardım. Kiminsə ‘bu sadəcə 6-cı yerdir, heç kimi təəccübləndirmir’ deməsi də haqlıdır. Amma mən bilirəm ki, mənim vaxtım hələ gələcək”.

Onun sözlərinə görə, fransızlar hazırda Flavio Briatore ilə birlikdə gələn mövsümdə daha güclü maşına sahib olmaq üçün çalışırlar.

Rauf Hacıyev

Şərh əlavə et