Xəbəri Kokpitdə Oxuyun!

Horner Cadillac-a keçir?

Kristian Horner Red Bull-dan uzaqlaşdırıldıqdan və müqaviləsi ləğv olunduqdan sonra onun Formula 1-ə qayıdacağı barədə çoxlu ehtimallar səsləndirilmişdi. İndi isə Auto Motor und Sport yazır ki, 20 illik təcrübəyə malik, 51 yaşlı britaniyalı mütəxəssis Cadillac F1 üçün ciddi namizəd ola bilər.

Əvvəllər Hornerin xidmətlərində Alpine və Ferrari-nin maraqlı ola biləcəyi barədə söz-söhbətlər dolaşırdı. Lakin alman nəşrinin irəli sürdüyü Cadillac versiyası daha məntiqli görünür.

Rəsmi olaraq yeni komandanın rəhbəri Qrem Loudon olsa da, iddialara görə, Horner onun yerini tuta bilər. Loudon isə başqa bir vəzifəyə keçirilə bilər. General Motors-un rəhbərliyi anlayır ki, xüsusilə başlanğıc mərhələsində bu cür məsuliyyətli postu uğur tarixçəsi olan peşəkara etibar etmək daha məqsədəuyğundur. Hornerin belə bir təcrübəsi var, Loudonda isə yox.

Bundan başqa, Hornerin köhnə iş əlaqələri də ön plana çıxır. Onun uzun illərdir yaxşı münasibətdə olduğu Serxio Pereslə iş təcrübəsi Cadillac üçün əlavə üstünlük ola bilər. Çünki meksikalı sürücünün komandaya keçidi demək olar ki, həll olunmuş məsələ sayılır. Horner Peresin gücünə yaxşı bələddir və ondan maksimum nəticə almağın yollarını bilir.

Düzdür, bu ssenarini dəstəkləyən rəsmi mənbələr yoxdur. Amma Hornerin dəvət olunması Cadillac F1-ə əlavə diqqət cəlb edə bilər və bu da yeni komanda üçün şübhəsiz faydalı olar.

Rauf Hacıyev

Şərh əlavə et