Takuma Sato Formula 1 karyerasını 2008-ci ildə başa vurub, lakin okeanın o tayında çıxış edərək böyük uğurlar qazanıb. Belə ki, 48 yaşlı yapon sürücü iki dəfə məşhur Indy 500 yarışının qalibi olub.
Sato bu gün də yarışlarda iştirak edir, amma bu həftəsonu Kaliforniyada keçirilən ənənəvi avtoidman festivalı Monterey Reunion-da tarixi Williams FW11-in sükanı arxasına keçib. Məhz güclü Honda turbo mühərriki ilə təchiz olunmuş bu bolid 1986-cı ildə Frenk Vilyamsın komandası üçün Mühəndislər Kubokunu qazandırmışdı.
Həmin mövsümdə Naycel Mənsell vitse-çempion olmuşdu və bir neçə həftə əvvəl o, bu maşını Qudvud sürət festivalında idarə etmişdi. İndi isə Williams Heritage FW11-in bərpasını başa çatdıraraq, onu Montereyə gətirib.
Takumo Sato: “Biz hələ mühərriki qarajda qızdırarkən insanlar bu inanılmaz enerjini hiss edirlər. Pilot kokpitdə də eyni şeyi duyur. Trasda qaz pedalına basanda ilk anlarda heç nə olmur, amma sonra turbin qoşulur və sanki partlayış effekti yaranır!
Bu, sadəcə inanılmazdır! Mühərrik və 6 pilləli mexaniki ötürmələr qutusu əla vəziyyətdədir. FW11-in sükanı arxasında mən özümü 80-ci illərə qayıtmış kimi hiss edirəm. O vaxtlar belə maşınları sürmək imkanım yox idi.
Şükür ki, indi vaxtaşırı 60-cı, 70-ci, 80-ci illərin yarış bolidlərinin sükanı arxasına keçirəm, amma bu bolid mütləq ən yaxşılarından biridir. Onun gücünü təsəvvür belə edə bilməzsiniz! Hətta 6-cı pilləyə keçəndə belə, o hələ də sürətlənməyə davam edir!.. Bu maşını idarə edərkən bütün yol boyu sevincdən gülmüşəm!”
Şərh əlavə et