Entso Ferrarinin vəfatından düz 37 il sonra – 14 avqust 2025-ci ildə – böyük “Komendatore”nin son mexaniki də dünyasını dəyişib. Levoni 90 illik yubileyinə az qalmış bu dünyadan köçüb və Ferrari tarixinin ən romantik dövrünü özündə daşıyan simvollardan biri kimi yadda qalıb.
O, “qırmızılar”ın qarajında işlədiyi illərdə Ferrari mexaniklərinin hamısı Modena bölgəsindən idi və öz ləhcələrində danışırdılar. Buna görə də Niki Lauda, Jodi Şekter, Jil Vilnöv, hətta daha sonralar Mixael Şumaxer belə bu ləhcəyə alışmalı olurdu. Levoninin əlləri daim mühərrik yağına bulaşmış olurdu və o, Ferrari tarixinin canlı parçası idi.
Levonini 60-cı illərin əvvəlində şəxsən Entso Ferrari işə götürmüşdü və o, bununla fəxr edirdi. Əfsanəvi konstruktor Mauro Forqyerinin ən çox güvəndiyi adamlardan biri idi, çünki o, sürətli və dəqiq işləməyi ilə tanınırdı.
Rolando Levoni Bir dəfə Turiniyə belə demişdi: “Ferrari və Forqyeri üçün biz oda atılmağa hazır idik, çünki biz sadəcə muzdlu işçilər deyildik. Özümüzü cəbhədəki əsgərlər kimi hiss edirdik. Bizim pilotlarımız isə qəhrəman idi, onları qorumaq bizim borcumuz idi. 1982-ci ildə tale əzizimiz Jil Vilnövu bizdən aldıqda, hamımız doğma insanımızı itirmiş kimi olduq”.
Təqaüdə çıxdıqdan sonra da o, Ferrari tarixinin qorunmasına töhfə verirdi. Turini üçün Levoni doğma dayı kimi idi.
Və indi təsəvvür etmək olar ki, o, göylərdə Entso Ferrari və Mauro Forqyeri ilə birlikdə Şarl Lekler və Lyuis Həmiltona azarkeşlik etməyə davam edir…
Şərh əlavə et