Xəbəri Kokpitdə Oxuyun!

Domenikali V8 mühərrikləri dəyərləndirib

Stefano Domenikali hesab edir ki, Formula 1 həddindən artıq konservativ olmamalı, dəyişikliklərə açıq olmalı və bu yolda səhvlərdən çəkinməməlidir. O, bununla bağlı fikirlərini daha əvvəl də səsləndirmişdi.

Onun mühərriklərlə bağlı öz baxışı da var: uzunmüddətli perspektivdə dünya çempionatında V8 mühərriklərinə qayıdış gözlənilir, lakin bu dəfə onlar sintetik yanacaqla işləyən hibrid güc qurğuları olacaq.

FIA prezidenti Məhəmməd bin Sulayem də bu yanaşmanı dəstəkləyir. Deməli, 2026-cı ildən başlayacaq yeni inkişaf dövrünün sonunda turbolu V6 mühərriklərindən imtina edilərək, texnoloji cəhətdən daha sadə atmosferik mühərriklərə keçid ehtimalı böyükdür.

Domenikali “The Race” nəşrinin podkastında azarkeşlərin suallarını cavablandırarkən belə deyib: “Bu ideya geniş dəstək qazanır. Mən bunu artıq bir neçə il əvvəl demişdim, indi isə azarkeşlərin dəstəklədiyini görmək məni sevindirir. Əlbəttə, hibrid texnologiyaların inkişafı çox vacibdir. Davamlı yanacaq və V8 mühərrikləri… Bu, məncə, əladır. Gələcəkdə əsas addım məhz hibridləşmə olmalıdır.

Amma diqqəti gələn ildən tətbiq olunacaq yeni nəsil güc qurğularından yayındırmaq istəmirəm. Hazırda əsas işimiz qarşıdakı illərdə istifadə olunacaq mühərriklərin müasirləşdirilməsidir”

Domenikali həmçinin maşınların bəzi komponentlərinin, məsələn, ötürmələr qutusunun standartlaşdırılması mövzusuna da toxunub: “Biz bilirik ki, ötürmələr qutusu nədir, amma yeni nəsil azarkeşlər bunu artıq başa düşmür. Ədalət naminə qeyd etməliyəm ki, ötürmələr qutusu dövrəvi nəticəyə təsir etmir, fərq maksimum 0,001 saniyədir. Problem yalnız etibarlılıq və xərclərlə bağlıdır. Mən deyərdim ki, texnologiyaya birbaşa təsir göstərməyən komponentlərin standartlaşdırılması barədə düşünmək məntiqlidir, detalları isə müzakirə etmək olar.

Eyni yanaşma batareyalara da aiddir, baxmayaraq ki, bəzi istehsalçılar onların nəticələrə təsir göstərə biləcəyini düşünürlər. Məncə, vahid yanaşma tətbiq edilməlidir ki, bu gün və gələcəkdə texnologiyalar baxımından əhəmiyyətli olan məqamları müəyyən etmək mümkün olsun. Məhz bu istiqamətdə irəliləmək lazımdır”.

Hidrogen texnologiyalarının tətbiqi barədə suala isə Domenikali qətiyyətlə cavab verib: “Bu baş verə bilər, amma yaxın 10 ildə yox. Hələ çox tezdir. Təhlükəsizliklə bağlı problemlər var. Biz unutmamalıyıq ki, avtoidman elə avtoidmandır. Əlbəttə, hidrogen texnologiyalarına keçidi müzakirə etmək lazımdır, amma suallar hələ çoxdur. Onları indi yarışlarda tətbiq etmək vaxtsızdır. Çox mürəkkəbdir və bu gün belə riskə getməyə dəyməz”.

Rauf Hacıyev

Şərh əlavə et