Xəbəri Kokpitdə Oxuyun!

S.Domenikali yeni reqlament barədə danışıb

Formula 1-də hazırda baş verən texniki reqlamentin böyük dəyişiklikləri, 2026-cı ildən qüvvəyə minəcək yeni qaydalar bir az naməluma doğru atılan addımdır.

Stefano Domenikali əvvəlcədən komandalara xəbərdarlıq edib ki, tələsməsinlər, nəticə çıxarmaqda ehtiyatlı olsunlar və gələn mövsümün əvvəlində çox sərt yanaşmalardan çəkinsinlər.

Böyük dəyişikliklərə hazırlıq artıq son mərhələyə keçib, amma hələ də tənqidlər eşidilir. Çünki sürücüləri və komandaları yeni texniki reqlamentin mümkün mənfi tərəfləri narahat edir.

Domenikali FIA-nın biryerlik maşınlar üzrə direktoru Nikolas Tombasisin fikirləri ilə razılaşır. Onun sözlərinə görə, dəyişikliklərə uyğunlaşmaq üçün vaxta ehtiyac var, ən əsas çatışmazlıqlar isə artıq aradan qaldırılıb və ya aradan qaldırılmaq üzrədir.

Formula 1 rəhbərinə yeni maşınlar və mühərriklərlə bağlı narahatlığının olub-olmadığı soruşulanda, o, “yox” cavabı verib: “Düzünü desəm, əsla narahat deyiləm. Yeni reqlamentə iki yanaşma var. Birincisi taktiki yanaşma. Komandalar indi bu oyunu oynayırlar, buna görə də müəyyən şərhlər və fikirlər səsləndirirlər. Bu, qəsdən edilir.

İkinci yanaşma isə inkişaf prosesinin davam etməsidir. Mən ilin əvvəlində FIA və komandalarla müzakirələri xatırlayıram, amma indi münasibət tam dəyişib. Deməli, hələ reqlament qüvvəyə minməmiş təkamül prosesi gedib və hər şey doğru istiqamətdə irəliləyib.

İki-üç çətin məsələ hələ də qalıb, amma əminəm ki, komandalarla FIA arasında düzgün əlaqələr qurulub. Çünki hamı bu məsələləri həll etməyə və reqlamenti dəqiqləşdirməyə maraqlıdır.

Bizim mövqeyimiz belədir: problemlər çıxsa, cavab verməyə hazırıq. İndi müxtəlif nəzəriyyələr dolaşır ki, hər şey ola bilər. Amma ən əvvəl düzgün addım odur ki, kəskin reaksiya göstərməyək. Təcrübəmiz göstərib ki, əvvəlcə hamı ehtiyatlı olub, riskdən qaçmağa çalışıb, amma sonra hər şey fərqli istiqamət alıb.

Buna görə də deyirəm ki, bir az gözləmək lazımdır. Əgər hansısa dəyişiklik etmək lazım olsa, bunu dərhal etmək düzgün deyil. Vaxtımız olacaq, gözləyəcəyik və məsələnin mahiyyətini dəqiq anlayacağıq.

Bəzi komandalar və istehsalçılar yəqin ki, artıq düşünürlər, maşınları necə modernləşdirsinlər ki, yeni reqlamentin verdiyi üstünlüklərdən istifadə etsinlər.

Mövsümün ilk yarışı çox diqqət çəkəcək, amma düzgün yol budur ki, FIA və komandalarla vaxtında müzakirələr aparaq və doğrudan da vacib məqamların olub-olmadığını anlayaq.

Yeniliklər o qədər çoxdur ki, sanki yeni bir dünyaya qədəm qoyacağıq. Ola bilər ki, xoş sürprizlər də olsun. Çünki söhbət yalnız yeni mühərriklərdən getmir, maşınların özü də dəyişib. Deməli, gələn il çox şey öyrənəcəyik.

Tam əminəm: Melburndakı ilk yarışda bir mənzərə görəcəyik, amma mövsümün sonunda Əbu-Dabidə tamam başqa mənzərə olacaq – iki fərqli dünyaya şahid olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et