Vaxtilə Portuqaliya Qran Prisi müntəzəm keçirilib, ümumilikdə Formula 1 tarixinin müxtəlif dövrlərində dörd fərqli trasda 18 yarış baş tutub. Uzun fasilədən sonra – Covid-19 pandemiyası dövründə – 2008-ci ildə inşa olunmuş və Portimauda yerləşən Alqarve Beynəlxalq Avtodromu son iku yarışı qəbul edib. Bu, 2020 və 2021-ci illərdə baş verib.
Hər iki halda podiumun zirvəsinə Lyuis Həmilton qalxıb. Müasir Formula 1 pilotları arasında yalnız o, Portuqaliyada qalib gəlməklə seçilib.
Bu tras WEC mərhələlərini, DTM və TCR Europe kuzov seriyalarını qəbul edib, həmçinin burada müntəzəm olaraq MotoGP yarışları keçirilib. Amma indi ölkə hökuməti Portuqaliya mərhələsini yenidən dünya çempionatının təqvimində görmək üçün addım atmaq niyyətindədir.
Luiş Montenegro: “Regionu ən təsirli şəkildə tanıtmağın yollarından biri parlaq idman tədbirləri keçirməkdir. Bizim MotoGP ilə müqaviləmiz var və ən böyük motorsport çempionatlarından biri həm bu il, həm də 2026-cı ildə bu trasda keçiriləcək.
Mən həmçinin deyə bilərəm ki, biz Formula 1 ilə razılığa gəlmək və 2027-ci ildə Portuqaliya Qran Prisini Alqarveyə qaytarmaq üçün tam hazırıq. Bunun üçün hökumət tərəfindən müəyyən maliyyə dəstəyi lazım olacaq, amma Formula 1 yarışları investisiyaların həm birbaşa, həm də dolayı qaytarılmasını təmin edib – regiona diqqət cəlb etməklə – və həqiqətən də buna dəyib”.
Bununla belə, bu planların gerçəkləşməsi Portuqaliya Formula 1-də çıxış etmək istəyən digər ölkələrlə rəqabət aparmalıdır, çünki Formula 1-in populyarlığı dünyada artmağa davam edir. Xüsusilə, Tailand, Cənubi Afrika Respublikası, Argentina, Türkiyə və hətta Ruanda yarış keçirməyə iddia edir.
Amma çempionatın təşkilatçıları mərhələlərin rotasiya ilə keçirilməsini və növbə ilə müxtəlif ölkələrdə baş tutmasını planlaşdırırlar. Buna görə də Portuqaliyanın öz Qran Prisini qaytarmaq istəyi dəyərləndirilə bilər.
Şərh əlavə et