2023-cü ildə tamaşaçılara daha həyəcanlı anlar yaşatmaq və tədbirin dəyərini artırmaq məqsədilə təqvimə sprint yarışları əlavə olunub. Bu ardıcıl üçüncü mövsümdə çempionatın ayrılmaz hissəsinə çevrilib.
Sprint yarışları hər Qran Pri həftəsonu şənbə günü keçirilir və bazar günü baş tutan əsas yarışın məsafəsinin yarısı qədər olur. Sprint yarışları sürücülərə əlavə 12 xal qazandırmaq şansı verir və bu da o deməkdir ki, sürücü bir yarış həftəsindən maksimum 37 xal toplaya bilər.
Qısa məsafəli bu yarışlar əsas yarış ilə eyni qaydalarla idarə olunur. Yarışdan əvvəl verilən cəzalar yalnız bazar günü keçirilən əsas yarışda tətbiq olunur.
2025-ci il mövsümünün 13-cü mərhələsi olan Avstriya QP-dən başlayaraq, Qran Pri Komissiyası sprint yarışlarının düzülüş prosedurunda dəyişiklik qərarı verib. Yeni qaydaya əsasən, komandaların start düzülüşündə keçirdiyi vaxt 15 dəqiqədən 20 dəqiqəyə artırılıb. Bununla da motosiklet sazlanmalarını həyata keçirmək və ya təkər dəyişimi aparmaq üçün əlavə vaxt təmin ediləcək.
Rəsmi açıqlamada bildirilib: “Komandaların grid düzülüşdə sazlanma və ya təkər dəyişimi edə bilməsi üçün kifayət qədər vaxt yaratmaq məqsədilə MotoGP sprint start prosedurunun müddəti 20 dəqiqəyə uzadılıb”.
Digər bütün start prosedurlarının isə əvvəlki kimi qalacağı vurğulanıb.
Şərh əlavə et