Xəbəri Kokpitdə Oxuyun!

Həmilton Ferrari-yə 70 milyon dollar qazandırıb

Ferrari-nin bumövsümkü nəticələri gözləntiləri doğrultmayıb, lakin İtaliya şirkətinin iqtisadi göstəriciləri yüksəlməyə davam edib. Gazzetta dello Sport nəşrinin jurnalistləri bunu birbaşa Lyuis Həmiltonla əlaqələndirib, baxmayaraq ki, yeddiqat Dünya Çempionu çempionatın artıq geridə qalan 14 mərhələsində hələ bir dəfə də olsun podiuma qalxa bilməyib.

Əvvəlcə rəsmi statistika: ilin birinci yarısında Ferrari-nin xalis mənfəəti 873 milyon avro olub ki, bu da 2024-cü illə müqayisədə 9% çoxdur. Bu məbləğin formalaşmasında mühüm payı Formula 1 komandası sponsorlardan, tərəfdaşlarla bağlanan müqavilələrdən və şirkət loqotiplərinin maşınlarda yerləşdirilməsindən əldə olunan gəlirlər verib.

Bundan əlavə, ötən mövsümdə “qırmızılar” Mühəndislər Kubokunda 2-ci yeri tutduqdan sonra Liberty Media-dan alınan mükafat məbləği də artıb.

Lyuis Həmiltonun artıq Ferrari-də çıxış etməsi faktı isə sözün əsl mənasında “qızıl” dəyərində olub: İtaliya mətbuatı, StageUp agentliyinin məlumatlarına istinadən yazır ki, yalnız bu səbəbdən 2025-ci ildə ümumi sponsorluq müqavilələrinin məbləği təxminən 50 milyon avro artıb.

Xatırlatmaq kifayətdir ki, yalnız komandanın titul sponsoru olmuş Amerika şirkəti HP Inc. ilə bağlanan müqavilənin dəyəri 80–90 milyon avro həcmində qiymətləndirilib və bu gəlir maddəsinə idman nəticələri heç bir təsir göstərməyib. Üstəlik, Ferrari-nin qlobal miqyasda qurduğu brendli və suvenir məhsulların satışından da əlavə qazanc əldə olunub.

Bütün bu amillər birlikdə nəzərə alındıqda, Gazzetta-nın hesablamalarına görə, H”miltonun komandada iştirakı Ferrari-yə təxminən 70 milyon avro qazandırıb. Təbii ki, Lyuis mütəmadi olaraq podiuma yüksəlib, yarışlar qazansaydı, bu rəqəm daha yüksək ola bilərdi. Amma italyanlar istənilən halda qazanclı olublar, çünki ekspertlərin qiymətləndirməsinə görə, onun illik maaşı təxminən 40 milyon avro civarında olub.

StageUp şirkətinin prezidenti Covanni Palatstsi:   “Suvenir məhsulların satışından əldə olunan gəlirin artması və sponsorluq gəlirlərinin yüksəlməsi Həmiltonun xarizmatik imici ilə izah oluna bilər. O, sadəcə pilot deyil, avtoidmanın canlı əfsanəsidir. Onun imici yalnız Formula 1-lə məhdudlaşmır, çünki Lyuis qlobal auditoriyaya müraciət edərək, idman, moda və pop-mədəniyyət dünyası arasında körpülər qurub.

Onun dünya miqyasında tanınması Ferrari əfsanəsi ilə birləşib, müqavilə imzalanarkən və mövsümün əvvəlində azarkeşlər və brendlər üçün son dərəcə cəlbedici olub, nəticədə rekord satışlar və dünya səviyyəli tərəfdaşlarla razılaşmalar əldə olunub.

Təbii ki, zəif nöqtə də var: Əgər idman nəticələri aşağı səviyyədə qalsa, bu, həm azarkeşlərin həvəsinə, həm də kommersiya göstəricilərinə təsir göstərə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et