Xəbəri Kokpitdə Oxuyun!

Williams geriləməyə hazırdır

Williams komandası artıq tam şəkildə diqqətini 2026-cı il və sonrakı mövsümlərə yönəldib. Komandanın rəhbəri Ceyms Vauls açıq şəkildə bildirib ki, bu səbəbdən onlar Mühəndislər Kubokunda bir, hətta iki pillə geriləməyə hazırdır.

Mövsümün 14 mərhələsindən sonra Williams komandası turnir cədvəlində beşinci yerdədir. Mövsümün ilk yarısında komandanın sürücüləri mütəmadi olaraq ilk onluq uğrunda mübarizə aparırdılar. Lakin son vaxtlar əsas rəqiblər – Aston Martin, Sauber və Racing Bulls – inkişaf ediblər, Qrouv təmsilçisinin nəticələri isə əvvəlki qədər uğurlu deyil.

Ceyms Vaulsun sözlərinə görə, bu qərar hələ yanvar ayında səhmdarlarla razılaşdırılıb: “Bütün resursları yeni layihəyə yönəltdik. Bu il 5-ci yerdə olmağımız mənə böyük məmnuniyyət verir. Bu, bizim, tərəfdaşlarımız və bizə dəstək olan hər kəs üçün əla nəticədir. Amma Williams-ın məqsədi çempionatda qalib olmaqdır.

Əgər yalnız 1–2 pillə irəliləməyə çalışsanız, bu məqsədə çata bilməzsiniz. Buna görə də yanvarda belə qərar qəbul olundu. Hətta Belçika Qran Prisinə son texniki yenilikləri gətirəcəyimiz də heç vaxt zəmanətli deyildi. İstifadə etdiyimiz bir neçə komponent üzərində aerodinamik boruda yanvar, fevral və bir az da mart ayında işlənmişdi. Vəssalam.

Daha heç bir yenilik etməyəcəyik. Əgər nəticədə 6-cı və ya 7-ci yerə düşsək, qoy belə olsun”.

Vauls cari mövsümün təhlilində uğurlu məqamların da olduğunu deyib: “İlin əvvəlində siz mənə bizim maşının hansı nəticələrə iddialı ola biləcəyini soruşsaydınız, 5–8-ci yerlər uğrunda gərgin mübarizə gedəcəyini deyərdim. İndiki vəziyyət də bunu göstərir.

İmola və Mayami mərhələlərinə qədər maşın effektiv idi, səhvlər də etmirdik. Bu mərhələlərdə sürətimiz bir çoxlarını təəccübləndirdi. Lakin sonra rəqiblər daha aktiv şəkildə yeniliklər tətbiq etdilər və inkişaflarını davam etdirdilər.

5-ci yerdə olmamız mənim üçün sürpriz deyil. Ən azı 18 xal daha qazana bilərdik, amma mövsüm hələ bitməyib”.

Onun sözlərinə görə, İmola və Mayamidə əldə olunan yüksək nəticə Williams-ın bu mövqeyə qalxmasının əsas səbəblərindən biri olub.

Rauf Hacıyev

Şərh əlavə et