Aston Martin rəhbərliyi mövsümün əvvəlindən builki nəticələrə böyük ümid bəsləmədiyini, əsas diqqətin 2026-cı ilə yönəldiyini bildirmişdi. Bu baxımdan gələcək bolidin bütün konsepsiyasını Formula 1 tarixinin ən uğurlu konstruktoru Ədrian Nyui müəyyənləşdirir.
Komandanın ehtiyat pilotu Ştoffel Vandorn artıq bir neçə mövsümdür ki, bu vəzifəni Formula E və WEC yarışlarındakı çıxışları ilə paralel aparır. O, İspaniyanın AS qəzetinə verdiyi müsahibədə bunları deyib: “Özümü rahat hiss edirəm, baxmayaraq ki, yay aylarında yüklənmə çox böyük idi. 2026-cı il üçün şassi üzərində işlər getdikcə sürətlənir. Texniki reqlamentdə ciddi dəyişikliklər olacaq, eyni zamanda komandada da böyük yeniliklər baş verir. Mən bu prosesin bir hissəsi olduğum üçün xoşbəxtəm.
Dəyişikliklərin miqyasına görə nəticəni əvvəlcədən proqnozlaşdırmaq çətindir. Üstəlik, 2026-cı ildən Honda mühərrikləri ilə əməkdaşlığa başlayacağıq. Artıq Aston Martin-in uğur üçün lazım olan bütün alətləri və bacarıqlı insanları var. Ümid edirik ki, növbəti mövsümün əvvəlindən yerimizi yaxşılaşdıracağıq.
Fernando Alonso indi də çox yüksək səviyyədə çıxış edir, motivasiyası güclüdür və 100 faiz gücü ilə işləyir. 2026-cı ildə yüksək nəticə qazanacağımıza zəmanət yoxdur, amma bütün bölmələrin optimal işləməsi üçün əlimizdən gələni edirik”.
Belçikalı pilot həm də Maserati komandası ilə Formula E-dəki mövsümü barədə danışıb: “Bu il həm uğurlarımız, həm də əldən verilmiş fürsətlərimiz oldu. Təxminən bütün komandalar üçün vəziyyət belədir. Tokioda son üç ildə ilk qələbəmi qazandım və bu, möhtəşəm idi. Qalib gəlmək həmişə xoşdur. Pərdə arxasında çox şeylər baş verdiyini bilirəm, amma müqaviləm var və növbəti mövsümdə də Formula E-də çıxış edəcəyəm”.
Şərh əlavə et