Xəbəri Kokpitdə Oxuyun!

Montsa yeni rekord qırmağa yaxındır

İtaliya Milli Avtoklubu (ACI) açıqlayıb ki, Montsa yarışına bir ay qalmasına baxmayaraq, bütün biletlər satılıb.

Əfsanəvi avtodromda tribunaların tifozilərlə tam dolacağı artıq dəqiqdir. Azarkeşlər təbii ki, Ferrari-nin ötənilki uğurunun təkrarlanacağına ümid edirlər. Belə ki, 2024-cü ildə Şarl Lekler möhtəşəm performansla İtaliya yarışında qalib gəlmişdi.

Amma builki mövsümdə komandanın öyünəcəyi nəticələr azdır.  14 yarışda monakolu pilotun cəmi beş podiumu Ferrari üçün elə də böyük göstərici sayılmır. İtalyanlar hazırda Mühəndislər Kubokunda 2-ci yerdə olsa da, McLaren-dən artıq 299 xal geri qalır.

Bununla belə, Montsada yarışlar tez-tez proqnozlaşdırılmayan ssenarilər üzrə keçir, bu da marağı daha da artırır. Şübhəsiz ki, Lyuis Həmilton da fərqlənməyə çalışacaq, çünki  karyerası ərzində İtaliya Qran Prisində beş dəfə qalib gəlib. Lakin bu dəfə yeddiqat dünya çempionu Montsada ilk dəfə Ferrari pilotu kimi çıxış edəcək və hamıya maraqlıdır ki, o necə performans göstərəcək.

Ötən il üçgünlük yarış həftəsonunda Montsanın tribunalarında 335 min tamaşaçı olub. İtaliya Qran Prisinin təşkilatçıları bu nəticəni təkrarlamağa, hətta üstələməyə ümid edirlər. Gazzetta dello Sport xəbər verir ki, cümə və şənbə günlərinə hələ müəyyən sayda bilet qalır.

ACI nümayəndəsi general Tullio del Sette bildirib: “Biz böyük azarkeş axını gözləyirik və çox güman ki, bu, ötənilki rekord statistik göstəricini keçməyə imkan verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et