Xəbəri Kokpitdə Oxuyun!

Montoya Red Bull-u dəyərləndirib

Sabiq Formula 1 pilotu Xuan Pablo Montoya düşünür ki, Red Bull komandası gələn il üçün Maks Ferstappenin yanına daha gənc sürücü gətirə bilər.

Xuan-Pablo Montoya Formula 1-dən 2006-cı ilin ortasında ayrılaraq, karyerasını Amerikada davam etdirsə də, idmanda baş verənləri hələ də yaxından izləyir. İndi isə kolumbiyalı keçmiş pilot tez-tez paddokda görünür, çünki onun 20 yaşlı oğlu Sebastian Montoya  Prema komandası ilə Formula 2-də yarışır və artıq iki dəfə podiuma yüksəlib.

Montoya həmçinin Red Bull Racing-dəki sürücü heyətinin vəziyyətini də izləyir. Komanda hələ gələn mövsüm üçün heyətini açıqlamayıb, amma Maks Ferstappenin qalacağı dəqiqdir. Bəs onun komanda yoldaşı kim olacaq?

Xuan Pablo Montoya: “Arvid Lindblad – Formula 2 pilotu  artıq məşqlərdə iştirak edib və Red Bull Racing maşınını sürüb, amma məncə, peşəkar cəhətdən o, hələ əsas komandanın heyətində yer alacaq qədər inkişaf etməyib”.

Montoyanın fikrincə, 2026-cı ildə Ferstappenin komanda yoldaşı nə Liam Louson, nə də Yuki Tsunoda olacaq: “Mən daha çox inanıram ki, fransalı Ayzek Hacar Racing Bulls-dan Red Bull Racing-ə yüksəldiləcək”.

O əlavə edib ki, 2026-cı il mövsümü hər iki komanda üçün çox çətin olacaq, çünki Red Bull həmin il mühərrik istehsalçısı kimi debüt edəcək və bu, Lindblad üçün işi daha da mürəkkəbləşdirəcək.

Helmut Marko vurğulayıb ki, Red Bull gələn mövsümün heyəti barədə qərarı yay fasiləsindən sonra verəcək. Hacar isə ondan “daha yüksək pilləyə keçməyə hazırsanmı?” sualı soruşulduqda ümumilikdə müsbət cavab verir: “Əgər yüksək nəticələr göstərə bilsəm və səhvlərə yol verməsəm, bu, deməkdir ki, mən hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et