McLaren şirkəti varlı azarkeşlər və kolleksiyaçılar üçün nadir bir fürsət təqdim edəcək. Belə ki, 2026-cı il bolidini hələ trasda debüt etməmişdən əvvəl almaq mümkün olacaq.
Komanda RM Sotheby’s hərrac evi ilə əməkdaşlıq edərək ilin son mərhələsindən əvvəl Əbu-Dabidə xüsusi hərrac keçirəcək. Lotlardan biri 2026-cı il McLaren şassisi olacaq və onu alan şəxs maşını yalnız 2028-ci ildə əldə edə biləcək.
Bu müddət ərzində alıcıya MCL39 şou-karı təqdim olunacaq, bundan başqa McLaren Texnologiya Mərkəzinə eksklüziv giriş imkanı və komandanın təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak hüququ veriləcək.
Hərracda həmçinin WEC üçün hazırlanmış ən yeni McLaren hiperkarı və Arrow McLaren komandasının IndyCar seriyasında yarışan Pato O’Vard-ın 2026-cı ilin mayında Indianapolis 500-də istifadə edəcəyi bolid də satışa çıxarılacaq.
McLaren Racing-in icraçı direktoru Zak Braun bildirib ki, Formula 1 tarixində ilk dəfə bolid rəsmi təqdimatdan əvvəl satışa çıxarılacaq: “Bu hərrac avtoidman tarixinin bir parçasına sahib olmaq üçün unikal imkan təqdim edəcək. Satışa çıxarılan bu möhtəşəm maşınlarla yanaşı, komandaya və yarışlara VIP səviyyəsində misilsiz giriş imkanı da olacaq”.
Şərh əlavə et