Xəbəri Kokpitdə Oxuyun!

FİA V8 motorlarını istəyir

FİA və Formula 1 rəhbərliyi atmosferik V8 mühərriyə keçmək üçün toplantı keçirəcək.

FIA-nın prezidenti Məhəmməd bin Sulayem ilin əvvəlindən etibarən Formula 1-də turbomühərrikli hibrid güc qurğularının əvəzinə atmosfer tipli V8 mühərriklərin geri qaytarılması ideyasını təşviq edir. Hələ ki, konkret müzakirələrə başlanmasa da, Formula 1 jurnalisti Co Savar bildirir ki, sentyabr ayında komandalar V8 mühərriklərinə keçid ehtimalını müzakirə edəcəklər.

Co Savar: “Məhəmməd bin Sulayem istehsalçılarını 2026-cı ildən 2030-cu ilə qədər qüvvədə olacaq yeni mühərrik reqlamentinin bitməsini gözləmədən, mühərrik qaydalarını dəyişməyə razı salmağa çalışır. Bəzi istehsalçılar daha ucuz və sadə mühərriklərə qarşı deyil. Digərləri isə artıq böyük maliyyə sərmayəsi qoyduqlarını və bundan sonra  geridönüş etmək istəmədikdiklərini, daha sonra yeni ideyalara keçmək niyyətində olduqlarını bildirirlər”.

Audi, Honda və Mercedes təklif olunan erkən reqlament dəyişikliyinə qarşı çıxıb. Bu üç istehsalçı gələn mövsümdə 11 komandadan 6-nı mühərriklə təmin edəcək. 2026-cı ildə Mercedes və Ferrari birlikdə 7 komandaya güc qurğuları verəcəklər ki, bu da onları bazarın iki əsas oyunçusuna çevirir. Audi və Honda da mövcud qaydalara sadiq qalmaq istədiklərindən dəyişikliklərin başvermə ehtimalı çox azdır. Bununla belə, bəzi istehsalçılar 2026-cı mühərriklərinin rəqabətədavamlı olmaması halında daha erkən dəyişikliyi dəyərləndirirlər.

Bu praqmatik yanaşma o deməkdir ki, 2026-cı il mühərriklərinin güc nisbətləri məlum olduqdan sonra reqlament dəyişikliyinə dəstək arta bilər. Hazırda son təklif Formula 1-in V8 mühərriklərinə keçməsidir, amma bu məsələdə vaxt amili böyük rol oynayır. 2026-cı il mühərrik qaydaları 2022-ci ilin ortasında təsdiqlənib. Buna görə yeni mühərriklərə 2028-ci ildə keçmək üçün reqlament 2024-cü ilin ortasında razılaşdırılmalı idi. 2029-cu ildə də dəyişikliyin edilməsi az ehtimal olunur. Ancaq daha cəlbedici mühərrik konsepsiyası ortaya çıxsa, bəzi istehsalçılar 2030-cu ildə hazırkı reqlamentdən imtina etməyə hazır ola bilərlər.

2030-cu ilə qaydaları dəyişmək üçün gələn ilin yayına qədər razılıq əldə edilməlidir. Tələsik qərar vermək vacibdir, çünki 2030 və ya 2031-ci ildə Formula 1-ə qoşulmaq istəyən digər şirkətlər var və onlar planlarını buna görə qurmalıdırlar.

Sentyabr ayında bu məsələlərin müzakirəsi üçün görüş keçiriləcək. Lakin belə görünür ki, danışıqlar başlamadan əvvəl bəzi alyansların formalaşacağı ilə bağlı artıq söhbətlər gedir. Budapeştdəki yarış həftəsonunda Ferrari-nin prezidenti Con Elkanın Mercedes-in rəhbəri Toto Volffla bir neçə dəfə görüşməsi də diqqət cəlb edib.

Rauf Hacıyev

Şərh əlavə et