Yay fasiləsindən əvvəl Ferrari rəsmi şəkildə komandanın rəhbəri Frederik Vasserlə müqaviləni uzadıb. Fransalı mütəxəssisdən gözləntilər böyükdür. Ondan 2007-ci ildən bəri ilk Sürücülər Çempionluğunu, 2008-ci ildən bəri ilk Mühəndislər Kubokunu komandaya gətirməsi tələb olunur. Vassyör isə əmindir ki, bu məqsədə çatılacaq, amma səbir lazımdır.
Frederik Vassyör: “Mənim işim yəqin ki, paddokda ən həyəcanlısıdır. Formula 1-də qalib gəlmək inanılmazdır, amma bunu Ferrari ilə etmək həqiqətən möhtəşəmdir.
Əminəm ki, qələbələr qazanmaq üçün bizə vaxt lazım olacaq. Ferrari-yə vaxt lazımdır, elə hər bir komanda kimi. Formula 1 tarixini xatırlayın: Kristian Horner Red Bull-un, Jan Todt isə Ferrari-nin başına keçəndə, uğura çatmaq üçün onlara da vaxt lazım oldu və ilk qələbə dərhal gəlmədi.
Komanda qurmaq üçün bir neçə ilə ehtiyac var. Lazımi insanları işə götürüb, sonra onların birlikdə işləməsini təmin etmək lazımdır. Biz Formula 1-də çox çevik olmaq istəyirik, amma reallıq odur ki, burada böyük ətalət var.
Komandanın qarşısında son dərəcə aydın bir hədəf var. Bu layihədə çalışan hər kəs eyni istiqamətdə hərəkət edir. Sənin məqsədin olanda və hamı onun reallaşacağına inananda, bu, bəlkə də ən xoş hissdir. Biz onu reallaşdırmaq üçün bütün gücümüzü sərf edəcəyik.
Vacib olan odur ki, hamımız çempion olmaq istəyirik. Biz bütün istiqamətlərdə yaxşı addımlar atmışıq, amma indi bütün parçaları birləşdirmək üçün bir az daha çox vaxta ehtiyacımız var. 2026-cı ilə hazırlıq isə bunun üçün gözəl fürsətdir”.
Vassyör mövsümün ilk yarısında Lyuis Həmiltonun çıxışlarını qiymətləndirərkən etiraf edib ki, yeddiqat dünya çempionunun adaptasiya prosesinin bu qədər çətin olacağını tam təsəvvür etməyiblər: “Düşünürəm ki, mövsümün əvvəlində Lyuisin qarşısında duran çətinliyin miqyasını hamımız az qiymətləndirmişdik. O, təxminən 10 il McLaren-də, sonra isə 10 il Mercedes-də… Yəni demək olar ki, 20 il eyni mühitdə.
Ferrari-də isə onu böyük dəyişikliklər gözləyirdi – mədəniyyət baxımından, ətrafındakı insanlar, proqram təminatı, maşın, bütün aspektlərdə ciddi fərqlər vardı. Ola bilsin, biz də, Lyuis də bunların hamısını yetərincə dəyərləndirməmişdik.
Amma o, yaxşı öhdəsindən gəlir. Əlbəttə, mövsüm çətin keçir, çünki maşın trasda “uçanda” idarə etmək daha asandır, ilin əvvəlində isə bəzi problemlərimiz vardı. Amma reaksiyası çox müsbət oldu.
Belə mövsümdə səndən çox şey gözləniləndə və startda çətinliklərlə üzləşəndə təslim olmaq asandır. Amma o, heç vaxt təslim olmayıb. Daim komandaya təkan verib, özünü də inkişaf etdirib. Ona görə də, Lyuislə əməkdaşlığımız çox məhsuldardır”.
Şərh əlavə et