Aston Martin-in keçmiş baş strateqi Berni Kollinz Sky Sports-un podkastında yay fasiləsində nələrin baş verdiyini izah edib. Onun sözlərinə görə, fasilə rəsmi olaraq Macarıstan QP-dən dərhal sonra başlamır – növbəti həftə komandalar hələ də işləyirlər. Bu müddətdə bəzi əməkdaşlar məzuniyyət götürsə də, çoxu bazada işini davam etdirir, hətta bəzi komandalar Budapeştdə təkər testləri keçirir.
İki həftəlik əsas fasilə dövründə isə FIA qaydalarına əsasən bütün texniki işlər – mövcud maşın, aerodinamik boru, CFD, simulyator, istehsal və yığım işləri – tamamilə qadağandır. Bu qayda Formula 1-lə əlaqəli hər hansı digər layihələrə də şamil olunur. FIA komandaları izləyir və hətta mail yazışmaları, noutbuk istifadəsi kimi detalları yoxlaya bilir.
Bununla belə, bəzi fəaliyyətlərə icazə verilir. Məsələn, avadanlıqların texniki baxışı, aerodinamik borunun təmiri və ya IT sistemlərinin yenilənməsi. Adətən yay fasiləsində böyük proqram təminatı yeniləmələri həyata keçirilir.
Berni bildirib ki, bu dövr işçilərə tam istirahət imkanı yaradır – iki həftə ərzində demək olar ki, heç kim işlə məşğul olmur və geri qayıdanda yüzlərlə məktubla qarşılaşmırlar.
Fasilə adətən Zandfort Qran Prisindən bir həftə əvvəl, yəni bazar ertəsi günü başa çatır. Lakin boks avadanlıqlarını və motorhomları hazırlayan heyət bazaya şənbə və ya bazar günü qayıdır, bununla da yay fasiləsi bitmiş olur.
Şərh əlavə et