Xəbəri Kokpitdə Oxuyun!

Ferrari hərəkətli ön qanaddan istifadə edib

Pirelli-nin Hunqarorinq trasında keçirdiyi təkər testlərinin ikinci günündə Ferrari komandası təkmilləşdirilmiş SF-25 maşınından istifadə edib. Bolid ön qanadında idarə olunan flaps (qapaxcıqlar) ilə təchiz olunub. Bununla da Scuderia Ferrari 2026-cı ildən etibarən icazə veriləcək aktiv aerodinamikaya malik olan ön qanadı sınaqdan keçirən ilk Formula 1 komandası olub.

İtaliya mətbuatının məlumatına görə, FIA komandalara texniki mesaj göndərib və Pirelli-nin 2026-cı il üçün nəzərdə tutulan təkər prototiplərini test edərkən, aktiv aerodinamika ilə təchiz olunmuş ön qanadlardan istifadə etmələrinə icazə verib. Bunun hesabına Pirelli-nin mühəndisləri düzlüklərdə açıq qalan və döngələrdə bağlanan iki qapağın təkərlərin davranışına necə təsir etdiyini qiymətləndirə biləcəklər.

Leklerin maşınına çərşənbə günü hidrovlik idarəetməli ön qanad quraşdırılıb. Lakin görünür ki, bu, yalnız eksperimental variantdır və 2026-cı il bolidlərindəki sistemlə böyük oxşarlığı olmayacaq.

Maraqlıdır ki, digər komandalar məhdud büdcələrini qorumaq üçün Pirelli testlərinə aktiv aerodinamikalı ön qanad hazırlamağa pul xərcləməyiblər. Onlar hesab ediblər ki, bu testlərdən əldə olunacaq məlumatlar o qədər də əlverişli olmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et