Xəbəri Kokpitdə Oxuyun!

N.Mansellin 2026-da iki favoriti var

Əfsanəvi Formula 1 sürücüsü Naycel Mansel gələn mövsümdən qüvvəyə minəcək yeni güc qurğusu reqlamenti üçün Mercedes-in mükəmməl paket hazırlayacağına inandığını bildirib.

2026-cı ildən etibarən Formula 1-in güc qurğularında daxiliyanma mühərriki ilə elektrik enerjisi arasında 50/50 faiz güc nisbəti olacaq. Bu, Formula 1-in elektrikləşmə istiqamətində atdığı ən böyük addım kimi qiymətləndirilir. Lakin paddokda yeni enerji tələblərinin yaratdığı çətinliklərlə bağlı müəyyən narahatlıqlar da səsləndirilir.

Dəyişikliklərin miqyası böyük olduğu üçün 2026-cı ildə güc balansını proqnozlaşdırmaq demək olar ki, mümkünsüzdür.

Naycel Mansel bu barədə belə deyib: “Bunun necə olacağını bilmək üçün kristal kürəniz olmalıdır. Əgər varsa, çox pul qazana bilərsiniz. 2026-cı ildə  tamamilə yeni reqlament tətbiq ediləcək və bu halda kimin ən yaxşı paketə sahib olacağını heç kim deyə bilməz. Maks Ferstappenin dediyi kimi, Avstraliyadakı ilk yarışa qədər real mənzərəni görmək mümkün olmayacaq”.

Müəəmmalara baxmayaraq, həm paddokdakı əksər insanlar, həm də Mansel Mercedes-in rəqabətədavamlı olacağına əmindir. “Gümüşü oxlar” 2014-cü ildə turbo-hibrid erasının başlaması ilə möhtəşəm performans göstərmiş və uzun müddət idmana hegemonluq etmişdi.

Mansel Mercedes-in 2026-cı il mövsümünə yenidən güclü başlayacağını proqnozlaşdırmaqla yanaşı, Ədrian Nyuinin qoşulması ilə Aston Martin-in də favoritlər arasında olacağını vurğulayıb: “Bildiyim bir şey var ki, Mercedes mühərrik və güc qurğusu sahəsində möhtəşəm paketə sahib olacaq. Mühərrik gücün 50 faizini, elektrik isə digər 50 faizini təmin edəcək. Bu, doğrudan da böyük vəzifədir. Gələn il üçün ediləcək bu böyük dəyişikliklər asan olmayacaq. Üstəlik, Ədrian Nyuinin Aston Martin-ə qatılmasını unutmayaq və onlar da mövsümə çox güclü başlaya bilərlər”.

Rauf Hacıyev

Şərh əlavə et