Xəbəri Kokpitdə Oxuyun!

D.Kukthard: Rikkardo yükü daşıya bilmədi

Sabiq Formula 1 pilotu Devid Kulthard bildirib ki, səkkiz yarış qələbəsi olan Daniel Rikkardonun zəifləməsinin səbəbi zamanla toplanan “həyat yükü” olub.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü 2011-ci il mövsümündə Narain Kartikeyanın yerinə HRT-də yarışmış və diqqətləri üzərinə cəlb etmişdi. Rikkardo 2012-ci ildə Toro Rosso-ya keçmiş, 2014-cü ildə isə Mark Vebberin karyerasını bitirməsinin ardından Red Bull-a transfer olunmuşdu. O, burada 8 qələbə qazanmış, 2019-cu ildə isə Renault komandasına keçmişdi.

Devid Kulthard düşünür ki, Danielin karyerasındakı dönüş nöqtəsi 2019-cu ildə Renault-ya keçməsi olub.

Renault-dan sonra McLaren-ə transfer olan avstraliyalı sürücü burada Lando Norris ilə komanda yoldaşı olmuşdu. Lakin Uokinq mərkəzli komandada iki mövsüm keçirsə də, gözləntiləri qarşılaya bilməmişdi.

2022 mövsümünün sonunda McLaren-dən ayrılan Rikkardo, 2023-cü ildə Red Bull-a ehtiyat pilot kimi qayıtdı və həmin ilin ortasında AlphaTauri (indiki Racing Bulls) ilə yenidən əsas heyətdə yarışmağa başladı.

Devid Kukthard: “Bəzi pilotların zamanla çox yaxşı inkişaf etdiyini görürsünüz. Bəziləri isə uğurun təsirinə düşür və bu, onların gedişatını dəyişdirir. Məncə, Deniel Rikkardo buna nümunədir. O, Formula 1-ə gələn ən parlaq istedadlardan biri idi, dövrünün ən yaxşı ötmə edən pilotlarından biri hesab olunurdu. Onu izləmək həmişə həyəcan verici idi.

Amma Red Bull-dan ayrıldıqdan sonra hər şey dəyişdi. Renault pis deyildi, amma McLaren-də Lando onu hər iki mövsümdə də geridə qoydu. AlphaTauri-də də işlər yaxşı getmədi.

İndi isə xoşbəxt və maddi cəhətdən rahat yaşayan biri təsirini bağışlayır. Amma bütün karyerası sanki çox qısa bir dövrə sıxışıb.

Həyat irəlilədikcə bir ‘yük’ daşımağa başlayırsınız. Əgər kasıbsınızsa, bu, Tesco torbasında bir neçə paltardan ibarətdir. Əgər varlısınızsa, bu, Louis Vuitton çamadanıdır. Amma hər iki halda onu daşımalısınız. İstər var-dövlətin, istər uğurun, istərsə də yoxsulluğun və çətinliklərin yükü olsun, hər biri növbəti fürsətə çatmaq üçün çiyninizdə qalır. Amma bəzi insanlar o yükləri geridə qoyub ən azad olduqları, ən yaxşı performans göstərdikləri zamana qayıda bilmir”.

Rauf Hacıyev

Şərh əlavə et