Xəbəri Kokpitdə Oxuyun!

Kolapinto ağır qəza edib

Macarıstanın Hunqarorinq trasında çərşənbə günü Pirelli testlərinin ikinci günü start götürüb. Bu gün Macarıstan trasında Alpine və Ferrari komandaları işləyirlər. Bolidlərin sükanı arxasında müvafiq olaraq Franko Kolapinto və Şarl Lekler keçiblər.

Testlər Franko Kolapinto üçün ağır qəza ilə başlayıb. O, sürətli 11-ci döngədə bolidə nəzarəti itirib və  bariyerlərə çırpılıb. Sürücü trasın tibb mərkəzinə aparılıb və orada keçirilən yoxlamalar nəticəsində heç bir xəsarət almadığı müəyyənləşib.

Hadisədən sonra Alpine komandası qısa açıqlama yayıb: “Pirelli testlərinin ikinci günündə Franko Kolapinto 11-ci döngədə qəza edib. Sürücü tibbi müayinədən keçib və vəziyyətinin normal olduğu təsdiqlənib”.

Günün ikinci yarısında Pyer Qaslinin Franko Kolapintonu əvəzləyəcəyi və testləri başa çatdıracağı planlaşdırılmışdı. Lakin bolidin ciddi zədələnməsi səbəbindən Alpine komandasının testlərə davam edib-etməyəcəyi sual altındadır. Hazırda bolidin bərpasının nə qədər vaxt aparacağı bilinmir.

Rauf Hacıyev

Şərh əlavə et