Şarl Lekler pouldan başladığı yarışda qələbə ümidilə mübarizə aparsa da, son pit-stopdan sonra tempi dramatik şəkildə düşüb. İlk 40 dövrə ərzində yarışa nəzarət edən SF-25 bolidi birdən-birə mövsümün əvvəlindəki zəif formasına qayıdıb.
Lekler McLaren sürücüləri ilə mübarizə apara bilməyəcəyini, ardınca isə Mercedes pilotu Corc Rasselin də onu keçəcəyini anlayıb. Onun podium ümidi alt-üst olub və monakolu pilot yarışı 4-cü yerdə başa vurub.
Ferrari hələ rəsmi açıqlama verməyib, lakin komandanın rəhbəri Frederik Vassör vəziyyəti belə izah edib: “Araşdırmalıyıq, çünki maşının hər hansı bir yerində çat və ya qırıq ola bilər. Bir an düşündüm ki, yarışı bitirə bilməyəcəyik”.
Lekler əvvəlcə idarəetmə problemi yaşadığını bildirsə də, performans itkisinə əsas səbəb bu olmayıb. Pit-stop 40-cı dövrədə edilib və bu qərar performansla deyil, Piastrinin öndə çıxmasının qarşısını almaq üçün verilib.
Amma pitdən sonra Leklerin tempi kəskin şəkildə düşüb. Bu isə Hard təkərlərin ikinci dəstində problem olub-olmaması sualını gündəmə gətirib. İlk ehtimallardan biri təkər təzyiqinin normaldan yüksək olmasıdır. Pitdən çıxdıqdan sonra təkərlərin bloklanması və ilk dövrədə sürətin aşağı olması bu şübhələri gücləndirib. Lakin hələ də rəsmi açıqlama yoxdur.
Yarış zamanı “yanacağa qənaət” edildiyi iddia olunsa da, bu da inandırıcı sayılmır. Çünki yanacaq problemi olan sürücülər adətən bir neçə dövrə yavaşlayır, tam performansını itirmir. Mühəndislərin belə telemetriya məlumatlarından problemi görə bilməməsi, çox daha ciddi bir şassi probleminin ola biləcəyini göstərir. Bəzi iddialara görə şassidə çat yaranıb və bolidin zəifləməsinə bu səbəb olub.
Ümidverici məqamlar da oldu
Yarış nəticəsi Ferrari üçün məyusedici olsa da, həftəsonunda komandaya nikbinlik bəxş edən məqamlar da az deyildi. Leklerin qazandığı poul qeyri-adi şəraitdə əldə olunsa da, yarışın ilk iki hissəsində SF-25-in gözləniləndən sürətli olması gələcək üçün ümid verdi.
Təmiz havada liderlik edən Lekler, rəqiblərinə keçid imkanı verməyən sabit dövrələrlə fərq yarada bilib. McLaren sürücüləri ilk hissədə onunla aranı bağlamaqda çətinlik çəkib.
Lakin bu ümidverici temp yarışın sonundakı kəskin eniş səbəbindən Lekler üçün bir o qədər də ağır zərbə olub. Çünki Ferrari-nin builki ən rəqabətədavamlı versiyası onun əlində idi və bu fürsətin əldən getməsi monakolu pilotu ciddi şəkildə sarsıdıb.
Bu gərginlik Rasselə qarşı etdiyi və cəza aldığı aqressiv müdafiə manevrində də özünü göstərib. Yarışdan sonra Lekler belə deyib: “Yaşadığımız problem nəzərə alındığında, vəziyyəti nəzarətdə saxlamaq mümkün deyildi. Şassidə nasazlıq olduğu üzə çıxdı və bundan sonra maşının davranışının dəyişdiyini hiss etdim”.
Bu açıqlama asılqan və ya amortizator problemi yaşanmış ola biləcəyi ehtimalını gücləndirib.
Frederik Vassör də ümumi çıxışı belə qiymətləndirib: “Yarışdan əvvəl etdiyimiz yeniliklər nəticə verdi. Performans geri qayıtdı. Son hissəyə baxaraq, ümumi qiymətləndirmə aparmamalıyıq. Nəticə bizi çox üzsə də, son iki yarışda əldə etdiyimiz müsbət inkişafı da unutmamalıyıq”.
Son iki yarışda – Spa və Hungarorinqdə daha rəqabətli görünən SF-25 mövsümün ikinci hissəsində iddialı rəqibə çevrilə bilər.
Hazırda bu potensial yalnız Lekler üçün keçərlidir. Çünki Lyuis Hemilton SF-25-ə hələ də uyğunlaşa bilməyib. O, Macarıstanda 12-ci yerdən başladığı yarışı eyni mövqedə başa vurub və əvvəlki həftədə əldə olunan nəticənin istisna olduğunu göstərib. Həmin uğurlu nəticə daha çox strateji və sazlama seçiminə bağlı olub. Əsl mənzərə Macarıstanda üzə çıxıb.
Ferrari üçün qarşıdakı yarışlarda yeni fürsətlər yarana bilər. Lakin bu, komandanın düzgün qərarlar verməsi ilə birbaşa bağlı olacaq.
Şərh əlavə et