Kokpit.az bildirir ki, monakolu sürücü yarış zamanı komandaya qarşı radio ilə kəskin tənqidlər səsləndirib, lakin sonradan məlum olub ki, sürət itkisinə şassi ilə bağlı problem səbəb olub. Finişdən sonra monakolu pilot vəziyyəti daha soyuqqanlı dəyərləndirib.
Şarl Lekler: “Yəqin ki, nəticə çıxarmaqda tələsdim. Finişdən sonra kokpitdən düşən kimi maşında nəyin baş verdiyini mənə daha ətraflı izah etdilər. Mən tamam başqa bir problemi düşünürdüm – əvvəlcədən danışdığımız məsələlərdən birini. Amma təəssüf ki, problem şassidə imiş. Bu məsələyə tam aydınlıq gətirəcəyik ki, bir daha belə hal yaşanmasın.
Əlbəttə, bu, vəziyyəti daha yaxşı etmir. Çünki sən qələbə uğrunda mübarizə aparırsan, amma sonra belə problemlər ortaya çıxır… Hər şeyi diqqətlə yoxlamalıyıq. Maşın idarəolunmaz vəziyyətə düşmüşdü.
Bu, bəzən üzə çıxan hallar sırasındadır və biz onun üzərində işləyəcəyik. Düşünmürəm ki, bu problem gələcəkdə təkrarlansın.
Problem təxminən 40-cı dövrədə baş verdi və getdikcə daha da pisləşdi. Çox məyusedicidir – əvvəlcə hər şey nəzarət altında idi, tempimiz qələbə üçün yetərli görünürdü. Amma nəticədə heç podiumda da yoxam”.
Şərh əlavə et