Xəbəri Kokpitdə Oxuyun!

Q.Bortoleto: Fernando nə edəcəyini bilir

Sauber komandasının debütantı Qabriel Bortoleto Macarıstanda karyerasının indiyədək ən yaxşı nəticəsini əldə edərək, komandasına vacib xallar qazandırıb.

Kokpit.az xatırladır ki, braziliyalı sürücü Hunqarorinqdəki yarışa yeddinci yerdən başlasa da, finişə 6-cı yerdə çatıb və Formula 1 karyerasının ən yaxşı nəticəsini əldə edib. O, yarış ərzində Fernando Alonso və Maks Ferstappen kimi Dünya Çempionlarına qarşı mübarizə aparıb.

Qabriel Bortoleto: “Bu yarışdakı nəticədən çox məmnunam. Bu, karyeramın ən yaxşı göstəricisidir və komandanın gərgin əməyinin nəticəsidir. Biz doğru istiqamətdə düzgün addımlar atırıq və bu, birlikdə nələrə nail ola biləcəyimizin yalnız başlanğıcıdır.

Yarış emosional baxımdan çox gərgin və çətin keçdi, amma əlimdən gələni etdim, heç bir səhvə yol vermədim. Mövcud imkanları maksimum istifadə etdik, pit-stoplarımız da qüsursuz alındı. Komanda adına çox sevinirəm.

Mən ikiqat Dünya Çempionu Fernando Alonsonun və dördqat Dünya Çempionu Maks Ferstappenin arasında gedirdim. Bu, inanılmaz təcrübə idi və bizim necə inkişaf etdiyimizi yenə də göstərdi.

Fernando harada yavaşlayıb, harada sürətlənməli olduğunu çox yaxşı bilir. Bu, çox xüsusi istedaddır. Buna görə də idmanın ən yaxşılarından biridir.

Mən komandadakı hər kəsə – həm trasda, həm də Hinvildəki bazada çalışanlara mövsümün ilk yarısındakı əməkdaşlığa görə təşəkkür edirəm. Bu nəticəni onların əməyi olmadan əldə edə bilməzdik. Yay fasiləsində bu uğuru ailəmlə birlikdə qeyd etmək fürsətim olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et