Xəbəri Kokpitdə Oxuyun!

M.İzola təkər strategiyalarından danışıb

Pirelli şirkətinin yarışa dair proqnozları yarı şəkildə doğru çıxıb – şirkət iki pit-stop gözləsə də, Lando Norris də daxil olmaqla əksər sürücülər yarışı yalnız bir pit-stopla başa vurublar.

Pirelli Motorsport-un rəhbəri Mario İzola, Macarıstan Qran Prisini belə dəyərləndirib: “Mövsümün ilk yarısı maraqlı bir yarışla başa çatdı. Qələbə uğrunda üç sürücü mübarizə apardı və qalib Lando Norris oldu. O, komanda yoldaşı Oskar Piastrini cüzi fərqlə qabaqladı. McLaren komandası fərqli strategiyalardan istifadə etdi: Norris bir, Piastri isə iki pit-stop etdi”.

İzola bildirib ki, nəzəri baxımdan iki pit-stoplu strategiya daha sürətli idi. Lakin hava şəraitindəki dəyişikliklər bu fərqi minimuma endirib: “Hava daha sərin idi.  Yarışda temperatur cümə gününə nisbətən təxminən on dərəcə aşağı idi. Bu isə təkərlərin termal aşınmasını azaltdı və strategiyalar arasındakı fərqi azaldı”.

Pirelli rəhbəri bir pit-stopun nadir hallarda daha sərfəli olduğunu, amma bu dəfə Norrisin strategiyasının uğurla nəticələndiyini qeyd edib: “İki pit-stop strategiyasının daha yaxşı olduğunu hələ də düşünürük. Sadəcə Alonso ilə Rassell arasındakı fərqə baxmaq kifayətdir. Lakin Norris ilk dövrədən sonra beşinci yerə gerilədiyi üçün bir pit-stop riski aldı. O an üçün itirəcək bir şeyi yox idi

Medium və Hard təkərlər arasında böyük performans fərqi yox idi və bənzər templi sürücülər arasında ötmə çətin olduğu üçün, bu risk özünü doğrultdu”.

Pirelli yay fasiləsindən əvvəl 2026 təkərlərini sınaqdan keçirəcək

Mario İzola yay fasiləsi başlamazdan əvvəl Pirelli-nin Hunqarorinqdə iki günlük test proqramı keçirəcəyini də açıqlayıb. Testlərdə 2026-cı il üçün nəzərdə tutulan prototip təkərlərin fərqli quruluşları və ən yumşaq C3–C5 tərkibləri sınaqdan keçiriləcək: “Quruluşun son versiyası 1 sentyabra qədər homologasiya edilməlidir. Bu məqsədlə Hunqarorinqdə iki günlük test keçirəcəyik”.

Test proqramında iştirak edəcək komandalar və sürücülər:

  • 1-ci gün:
    • McLaren – Lando Norris
    • Racing Bulls – Liam Louson
  • 2-ci gün:
    • Ferrari – Şarl Lekler
    • Alpine – Franko Kolapinto, Pyer Qasli
    • (Alpine ilk gün Pol Aron ilə də işləyəcək)

İzola test proqramının 2026-cı il üçün əsas mərhələ olduğunu vurğulayıb və bu təkərlərin gələcək performans standartlarını formalaşdıracağını bildirib.

Rauf Hacıyev

Şərh əlavə et