Kokpit.az xatırladır ki, Şarl Lekler yarışın 40-cı dövrəsinə qədər yarışa inamla liderlik edirdi, lakin son 30 dövrədə maşının tempi birdən ölüb. Buna görə də monakolu sürücü yarışı dördüncü yerdə bitirib.
Frederik Vassyör: “Yarış əsnasında heç nəyi dəyişmək olmur, amma qırılmış bir detal ola bilər. Hazırda bunu yoxlamalıyıq”.
Vassyör, Leklerin yarışın ilk hissəsində çox güclü tempə sahib olduğunu da vurğulayıb: “İlk stint çox yaxşı keçdi. McLaren-lərlə və Rassellə fərq aça bildik. İkinci hissədə də liderliyi qoruduq. Amma üçüncü hissədə, pitdən sonra temp birdən dramatik şəkildə düşdü. Hər dövrə geri düşməyə başladıq. Son beş-altı dövrədə hətta dördüncülüyü qoruyacağımıza inanmırdım. Amma sonda xal ala bildik və bu sevindiricidir, amma eyni zamanda böyük bir məyusluqdur”.
Ferrari komandasınıb rəhbəri bildirib ki, Lekler Piastrinin erkən pit qərarına qarşılıq verəcək tempə sahib idi: “Hər şey nəzarətimiz altında idi. Amma 40-cı dövrədə hər şey dəyişdi. Bu problemi Zandfort yarışından əvvəl tam başa düşməliyik. 70 dövrə boyunca vəziyyəti nəzarətdə saxlaya biləcək bir həll yolu tapmalıyıq”.
Vassyör, yarış zamanı maşında heç bir texniki dəyişiklik edilmədiyini, lakin problemin şassi ilə bağlı ola biləcəyini əlavə edib: “Yarış ərzində heç nə dəyişmədik. Amma nəyinsə qırılması mümkündür. Düzünü desək, hələ heç nə bilmirik. Biz komanda körpüsündə sadəcə izləyici mövqeyində idik”.
Lyuis Həmiltonun sıralanma turlarındakı zəif nəticədən sonra özünə qarşı sərt reaksiyası barədə də danışan Vassyör bildirib ki, bu xüsusiyyəti onun çempionluğunun açarıdır: “Lyuis çox şey tələb edir – komandadan, mühəndislərdən, məndən… Amma ən çox da özündən. Dünənki əsəb öz performansına idi. Elə bu səbəbdən yeddiqat dünya çempionudur. Öz xarakteri ilə hər kəsi — ilk növbədə özünü — daha da yaxşı olmağa məcbur edir. Geri dönəcək və mübarizəyə davam edəcək”.
O, zarafatla əlavə edib ki, yay fasiləsində Hamilton mütləq onu axtaracaq: “Bəli, zəng edəcək – amma təqaüd üçün yox!” (gülərək)
İlk 14 yarışa dair ümumi dəyərləndirməsində Vassyör bildirib ki, Ferrari komandası enişli-yoxuşlu bir mövsüm keçirir: “Hazırda Red Bull və Mercedes-in önündəyik – bu müsbət haldır. Amma McLaren bizdən daha sabitdir. Hər trasda, hər həftəsonu eyni performansı göstərirlər. Biz isə bəzən onları məğlub edə bilirik, amma bu stabilliyi saxlaya bilmirik”.
Mövsümün qalan hissəsinə dair hədəflərini isə belə açıqlayıb: “Zandforta daha güclü qayıtmalıyıq və 70 dövrə boyunca liderliyi əldən verməməliyik”.
Yay fasiləsi planları haqqında da danışan Ferrari rəhbəri bildirib: “Üç həftə deyil, sadəcə iki həftə istirahət olacaq. Gələn həftə bazadayam, Budapeştdə Pirelli testi var. Amma bu qısa fasilə hər kəs üçün faydalı olacaq. Bazada da, trasda da hamı gecə-gündüz çalışır”.
Şərh əlavə et